Accessibility links

Azərbaycanda 33 şagirddə koronavirus aşkarlanıb


Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirliyin rəsmi məlumatına görə, oktyabrın 15-də Azərbaycan məktəblərində 33 şagird və 12 işçidə koronavirus aşkarlanıb.

Məlumata görə, oktyabrın 15-də 14 şagird və 2 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.

Ötən gün 8 sinif və 7 məktəb distant təhsilə keçib. Əyani təhsilə qaytarılmış siniflərin sayı 3 olub.

İndiyə qədər ölkə üzrə 37 məktəb, 60 sinifdə əyani tədris dayandırılıb və distant təhsilə keçirilib.

Xatırladaq ki, ölkədə son günlərdə COVİD-19-a yoluxanların sayı kəskin artıb.

Oktyabrın 15-nə olan məlumata görə, son sutkada Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 530 yeni yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bu gün COVID-19-dan 3 ölüm faktı qeydə alındığını qeyd edib.

Oktyabrın 13-də Sabirabad şəhərinə, bu rayonun Cavad, Türkədi, Qalağayın, Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə giriş-çıxışa qadağa tətbiq edilib.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Həmin vaxtdan ölkədə tətbiq edilən karantin rejimi noyabrın 2-dək davam edəcək.

XS
SM
MD
LG