Azərbaycanda 2021-ci il yanvarın 1-dən icbari tibbi sığortanın ikinci mərhələdə tətbiqinə başlanılacaq. Beləliklə,ölkənin daha 36 şəhər və rayonu - Gəncə, Naftalan, Şirvan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul icbari tibbi sığorta sisteminə qoşulacaq.
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, sonuncu üçüncü mərhələdə, 2021-ci il aprelin 1-dən etibarən isə Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa əhalisi icbari tibbi sığorta ilə əhatə olunacaq.
2020-ci il yanvarın 1-dən icbari tibbi sığorta Naxçıvan Muxtar Respublikasında, Mingəçevir şəhərində, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında tətbiq edilir.
“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Nazirlər Kabinetinin 2020-ci il 10 aprel tarixli qərarına uyğun olaraq 2021-ci ildə icbari tibbi sığortanın tətbiqi bütün ölkə ərazisində təmin olunacaq.
Azərbaycanda icbati tibbi sığortanın gec tətbiq olunması geniş tənqidlərə səbəb olub. Tənqidlərdə xüsusilə COVİD-19 pandemiyası dövründə icbari tibbi sığorta olmadığından əhalinin keyfiyyətli səhiyyə xidmətinə əl çatımlığının aşağı olduğu qeyd edilir.