Accessibility links

Azərbaycanda 38 nəfər koronavirusa yoluxub, 42 nəfər sağalıb


Koronavirus

Aprelin 22-də Azərbaycanda 38 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 42 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumatdan görünən odur ki, koronavirus infeksiyasından ölüm faktı bu gün qeydə alınmayıb.

Operativ Qərargahın məlumatında qeyd olunub ki, Azərbaycanda indiyədək 1.518 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

“Onlardan 907 nəfər müalicə olunaraq sağalmış, 20 nəfər vəfat etmiş, 591 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir,” məlumatda deyilir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 108.221 test aparılıb.

Koronavirusla mübarizə çərçivəsində hökumət martın 14-dən Azərbaycanda bütün kütləvi tədbirləri ləğv edib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən orta və ali məktəblərdə dərslər dayandırılıb. Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib və bu rejim mayın 4-dək davam edəcək.

65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına qadağa tətbiq edilib. Martın 31-dən paytaxt Bakıda metroda fəaliyyət dayandırılıb.

Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Dövlət əhəmiyyətli sahələrdə çalışanlar istisna olmaqla insanlar yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər. Bundan ötrü isə 8103 nömrəsinə SMS məlumat göndərilməlidir. Yalnız SMS sorğusuna müsbət cavab aldıqdan sonra küçəyə çıxmaq mümkündür.

Ötən ilin sonlarında Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Artıq dünyada bu virusa yoluxanlardan 171 mindən çox şəxsin vəfat etdiyi bildirilir.

XS
SM
MD
LG