Bakının 274 və 320 nömrəli tam orta məktəbləri COVİD-19 infeksiyası səbəbindən fəaliyyətini distant təhsil formasında davam etdirəcək.
Bu barədə Bakı Şəhər Təhsil İdarəsi məlumat yayıb.
Bakı şəhər Təhsil İdarəsi bildirir ki, 274 nömrəli tam orta məktəbdə çalışan 4 nəfər müəllimin COVİD-19 infeksiyasına yoluxmaları təsdiq olunub. Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub. Müvəqqəti olaraq 274 nömrəli məktəbin inzibati binasında fəaliyyət göstərən 320 nömrəli məktəb kollektivinin və şagirdlərin COVİD-19 infeksiyasına yoluxma hallarının qarşısını almaq məqsədilə həmin məktəbdə də tədris 2 həftəlik distant formada davam etdiriləcək.
Gəncə şəhər Təhsil İdarəsinin məlumatına görə isə martın 9-da bu şəhərdə 12 nömrəli tam orta məktəb koronavirus infeksiyası səbəbindən distant təhsilə keçib.
Sözügedən təhsil müəssiəsində 1 müəllim və 1 texniki işçidə COVİD-19 virusu aşkar edilib.
Bir neçə gün əvvəl isə Gəncədə 37 nömrəli tam orta məktəb koronavirus infeksiyasına görə onlayn tədrisə keçib.
Təhsil Nazirliyinin məlumatına görə, 22 fevral - 10 mart tarixlərində ümumilikdə distant təhsilə keçirilən siniflərin sayı 302 (ümumi siniflərin 0.34 faizi), distant təhsilə keçirilən məktəblərin sayı 13-dür (ümumi məktəblərin 0.29 faizi).
Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində ənənəvi tədris qismən davam etdirilir. 22 fevral - 10 mart tarixlərində ölkə ərazisində 4416 məktəb, 89223 sinifdə qismən ənənəvi tədris təşkil edilib.