Accessibility links

Azərbaycanda 4273 nəfər koronavirusa yoluxub, 41 nəfər vəfat edib


Dekabrın 15-də Azərbaycanda koronavirus infeksiyasına daha 4273 yoluxma faktı qeydə alınıb, 4164 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 41 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 183 min 259 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 119 min 5 nəfər müalicə olunaraq sağalıb, 2007 nəfər vəfat edib. Aktiv xəstə sayı 62247 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 980 min 579 test aparılıb. Bugünkü test sayı isə 17231-dir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Həmin vaxtdan ölkədə tətbiq edilən karantin rejimi gələn il yanvarın 31-dək davam edəcək.

Dekabrın 8-də Nazirlər Kabineti koronavirusa yoluxma hallarının kəskin artmasını nəzərə alaraq, karantin rejimini 14 dekabrdan 2021-ci il yanvarın 18-ə kimi sərtləşdirilib.

Nazirlər Kabinetinin qərarına əsasən, yanvarın 18-dək Bakı metropoliteninin fəaliyyəti tam dayandırılıb. SMS-lə küçəyə çıxma icazəsinin müddəti gün ərzində 1 dəfə olmaqla (3 saat müddətində) yenidən aktivləşdirilib. Ticarət obyektləri restoran, kafe və çay evlərinin fəaliyyəti dayandırılıb. Bir sıra şəhər və rayonlara giriş-çıxış məhdudlaşdırılıb.

2021-ci ilin yanvarın 31-dək ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Həmçinin şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla, digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılıb.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburi hesab olunub. Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilib. 65 yaşdan yuxarı şəxslərin zərurət yaranmadan yaşayış yerlərini tərk etməmələri tövsiyə olunub.

XS
SM
MD
LG