Accessibility links

Azərbaycanda 544 nəfər COVID-19-a yoluxub, 8 nəfər vəfat edib


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 544 yeni yoluxma faktı qeydə alınıb, 343 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 8 nəfər vəfat edib.

Bu barədə iyunun 29-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Məlumatda deyilir ki, indiyədək ölkədə ümumilikdə 16 968 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 9 369 nəfər müalicə olunaraq sağalıb, 206 nəfər vəfat edib, 7 393 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

“Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 558, ötən müddət ərzində isə ümumilikdə 475 525 test aparılıb” - deyə, qərargahın məlumatında qeyd edilib.

Azərbaycanda maska taxmamağa görə cərimələrin məbləği artır

Bundan əlavə Azərbaycanda epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələrin məbləği artırılıb.

Bu, iyunun 29-da Milli Məclisin iclasında müzakirəyə çıxarılan Azərbaycan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi yeni redaksiyada təklif olunub.

Yeni redaksiyaya əsasən, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat cərimə ediləcəklər.

Bundan əlavə, həmin əməllərin inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200 manat, vəzifəli şəxslər 400 yüz manat, hüquqi şəxslər 800 manat cərimə olunacaqlar.

Buna qədər cərimələr fiziki şəxslərə 50, vəzifəli şəxslərə 100, hüquqi şəxslər üçün isə 200 manat müəyyən edilmişdi.

Məcəlləyə dəyişiklik müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

COVİD-19 haqqında qısa məlumat

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Martın 24-dən ölkədə koronavirus pandemiyası ilə bağlı karantin rejimi elan edilib. Karantin rejimi iyunun 15-nə kimi uzadılsa da, aprelin 27-dən başlayaraq mərhələlərlə xeyli yumşaldılıb.

Amma ölkə üzrə bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklər, məclislərin təşkili qadağan edilib.

Azərbaycanda karantin rejimi yumşaldıldıqdan sonra infeksiyaya yoluxma halı bir neçə dəfə artıb.

Bu səbəbdən xüsusi karantin rejimi və dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət iyulun 1-dək, sonra isə avqustun 1-dək uzadılıb.

Operativ Qərargah iyunun 14-dən 16-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq edilib.

Daha sonra isə iyunun 21-dən iyulun 5-dək sərtləşdirilmiş karantin sistemi tətbiq edilib, SMS-icazə sisteminə keçilib.

Qərara görə, sözü gedən yerlərdə nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla iri ticarət mərkəzlərinin fəaliyyəti dayandırılıb. Həmçinin ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər göstərilmir, muzey, sərgi zalları, bərbərxanalar, gözəllik salonları bağlanıb. Habelə təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla), açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi də dayandırılıb.

Amma dövlət qurumlarının, Azərbaycanda akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və bir sıra mühüm xidmət sahələrinin fəaliyyətinə icazə verilib.

Əhalinin qalan qrupları yenə küçəyə çıxarkən bir müddət öncə olduğu kimi SMS-lə icazə alır. SMS-lə icazə əvvəlki qaydaya nisbətən bu dəfə bir qədər genişləndirilib. Bura ərzaq almaq, tibbi zərurət, yaxınların dəfnində iştirakla və başqa hallarla yanaşı, açıq havada vaxtın keçirilməsi də daxildir. SMS-icazə ilə insanlar evlərini yalnız iki saat müddətinə tərk edə bilər.

İyunun 25-də baş nazir Əli Əsədov karantin dövründə iş yerində işləməyə icazə verilən işçilərin sayının azaldılması barədə qərar imzalayıb.

Qərara görə, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayı həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən, iş və xidmət sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayı isə əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmamalıdır.

XS
SM
MD
LG