Accessibility links

Azərbaycanda 633 nəfər koronavirusa yoluxub, 21 nəfər vəfat edib


COVID-19
COVID-19

Yanvarın 9-da Azərbaycanda koronavirus infeksiyasından daha 1682 nəfər müalicə olunaraq sağalıb, 633 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 224 min 50 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 207 min 88 nəfər müalicə olunaraq sağalıb, 2890 nəfər vəfat edib. Aktiv xəstə sayı 14 min 72 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 259 min 555 test aparılıb. Bugünkü test sayı isə 9264-dür.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Həmin vaxtdan ölkədə tətbiq edilən karantin rejimi bu il yanvarın 31-dək davam edəcək.

Dekabrın 8-də Nazirlər Kabineti koronavirusa yoluxma hallarının kəskin artmasını nəzərə alaraq, karantin rejimini 14 dekabrdan 2021-ci il yanvarın 18-ə kimi sərtləşdirib.

Nazirlər Kabinetinin qərarına əsasən, yanvarın 18-dək Bakı metropoliteninin fəaliyyəti tam dayandırılıb. SMS-lə küçəyə çıxma icazəsinin müddəti gün ərzində 1 dəfə olmaqla (3 saat müddətində) yenidən aktivləşdirilib. Ticarət obyektləri, restoran, kafe və çay evlərinin fəaliyyəti dayandırılıb. Bir sıra şəhər və rayonlara giriş-çıxış məhdudlaşdırılıb.

2021-ci ilin yanvarın 31-dək ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Həmçinin şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla, digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılıb.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburi hesab olunub. Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilib.

XS
SM
MD
LG