Azərbaycanda koronavirus infeksiyasına 67 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər vəfat edib, 28 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Azərbaycanda son vaxtlar yeni koronavirusa yoluxmada gündəlik azalma olduğu bildirilirdi. Amma son həftədə bəzi günlər gündəlik yoluxanların sayı ilə bağlı rəqəmdə artım müşahidə edilir.
Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1958 və 1969-cu il təvəllüdlü iki nəfər vəfat edib.
Hazırkı dövrədək ölkədə 2127 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1536 nəfər müalicə olunaraq sağalıb, 28 nəfər vəfat edib, 563 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 169.790 test aparılıb.
Koronavirusla mübarizə çərçivəsində hökumət martın 14-dən Azərbaycanda bütün kütləvi tədbirləri ləğv edib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən orta və ali məktəblərdə dərslər dayandırılıb.
Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib və bu rejim mayın 31-dək davam edəcək.