Accessibility links

Azərbaycanda 840 nəfər koronavirusa yoluxub, 9 nəfər vəfat edib


Martın 17-də Azərbaycanda koronavirus infeksiyasından 268 nəfər müalicə olunaraq sağalıb, 840 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 9 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 242 min 491 nəfərin koronavirus infeksiyasına yoluxma faktı müəyyən edilib. Onlardan 231 min 638 nəfər müalicə olunaraq sağalıb, 3 min 307 nəfər vəfat edib. Aktiv xəstə sayı 7 min 546 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 736 min 493 test aparılıb. Bugünkü test sayı isə 10 min 23-dür.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, iki mərhələdən ibarət olan vaksinasiya prosesinin birinci mərhələsi fevralın 1-də başa çatıb. Hazırda 50 yaşdan yuxarı şəxslər vaksinasiya olunur.

Operativ Qərargah bildirir ki, hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 462 mindən çox insan peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya respublikanın bütün rayonlarında davam etdirilir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Həmin vaxtdan tətbiq edilən xüsusi karantin rejimi bu il aprelin 1-dək davam edəcək.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.

XS
SM
MD
LG