Accessibility links

“Azərbaycanda 87 siyasi məhbus var”


Milli Şura mitinq keçirir
Milli Şura mitinq keçirir

Martın 16-da prezidentin əfv sərəncamından sonra jurnalistlər, blogerlər, vətəndaş cəmiyyəti, müxalifət və dini fəallar, həmçinin keçmiş məmurlar daxil olmaqla, 50-dən çox siyasi məhbus azadlığa buraxılsa da hələ Azərbaycan həbsxanalarında 87 siyasi məhbus qalır.

Bu barədə Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaqın məlumatında bildirilir.

Siyahını Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov hazırlayıb.

87 nəfər 7 qrupa bölünüb. "Jurnalistlər və blogerlər" kateqoriyasına 5, "hüquq müdafiəçiləri" -1, "müxalifət partiyaları və hərəkatların üzvləri" - 7, "MTN (2015-ci ildə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi) cinayətlərinin qurbanları -3, "dindarlar" -56, "girovlar" -1, "ömürlük mühakimə olunanlar" -14 nəfər daxildir.

"Dindarlar" bir neçə qrupa ayrılır. Bura 2015-ci il Nardaran hadisələrinə görə mühakimə edilmiş Müsəlman Birliyi Hərəkatının nümayəndələri və başqaları daxildir.

Rəsmi Bakı ölkədə siyasi məhbusların olmadığını bildirir, bununla bağlı məlumatları qərəzli sayır. Dövlət rəsmiləri bütün fundamental azadlıqların tam təmin edildiyini, insanların fikrinə, əqidəsinə görə təqib edilmədiyini bildirir.

Bununla yanaşı, Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi fəaliyyət göstərir. Amnesty İntrenational (Beynəlxalq Əfv) təşkilatı ölkədə onadək insanı "vicdan məhbusu" elan edib.

XS
SM
MD
LG