Azərbaycanda benzinin qiyməti bahalaşıb.
İyunun 2-dən Aİ-95 "premium" markalı benzinin qiymətinin 1.40 AZN olduğu bildirilir. Buna qədər Aİ-95 1.25 AZN idi.
Aİ-95 "premium" markalı benzin Azərbaycanda istehsal edilmir, o, ölkəyə idxal edilir. Onun qiymətini də Azərbaycan Tarif Şurası tənzimləmir.
Bu il yanvarın 4-də Tarif Şurasının iclasında ölkədə istehsal edilən Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 80 qəpik müəyyən edilmişdi. Onda Aİ-92 10, dizel 20 qəpik bahalaşmışdı.
Bəzi iqtisadçılar ölkənin Aİ-95 "premium" və "super" markalı benzinlərlə bağlı idxaldan asılı olmasına görə hökuməti tənqid edirlər.
SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini İbrahim Əhmədov Azərbaycanda AI-95 markalı benzinin bahalaşmasına münasibət bildirərkən deyib ki, premium və super markalı benzin Azərbaycana idxal olunur və bu səbəbdən də qiymətləri beynəlxalq qiymətdən asılıdır.
"Dünyada bu növ neft məhsullarının qiymətləri azaldıqca, Azərbaycanda da azalır. Məsələn, pandemiyadan əvvəl "premium" benzinin hər litri üçün qiyməti 1.50 manat olub, pandemiya zamanı neftin qiyməti düşəndə bu rəqəm hər litr üçün 1.10-1.20 manat, sonra 1.25 manat olub. İndi isə bu benzin markasının hər litri 1.40 manata yüksəlib".
İlham Əhmədovun sözlərinə görə, bu benzin növlərinin qiymətləri istehsalçı ölkədən, istehsalçı zavoddan, onun satdığı qiymətdən asılıdır. SOCAR rəsmisi habelə bildirib ki, Aİ-92 və dizel yanacağı ümumi istehlakın 90 faizini təşkil edir: "Bu yanacaq növləri Azərbaycanda istehsal olduğu üçün qiymətləri dövlət tərəfindən tənzimlənir. Gələcəkdə, 2022-ci ildən sonra, SOCAR-ın Heydər Əliyev Adına Neft Emalı Zavodunun modernizasiyanın hazırkı mərhələsi başa çatdıqdan sonra Azərbaycanda da Aİ-95 markalı benzinin istehsalı mümkün olacaq. Bundan sonra biz artıq bu yanacaq növünün idxalından asılı olmayacağıq və onun qiyməti də Azərbaycan dövlətinin müəyyən etdiyi qiymətlə tənzimlənəcək".