Azərbaycan Nazirlər Kabineti bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması barədə qərar qəbul edib. Qərarda martın 14-dən etibarən ölkə üzrə fəaliyyət göstərən alış-veriş mərkəzlərinin fəaliyyətinin müvafiq qaydalara riayət olunaraq həyata keçiriləcəyi qeyd edilir.
Operativ qərargah koronavirus infeksiyası ilə mübarizə çərçivəsində alış-veriş mərkəzlərinin fəaliyyətini tənzimləyən aşağıdakı qaydalar müəyyən edib:
- Əyləncə məkanlarının, xüsusilə uşaq əyləncə məkanlarının fəaliyyətinin dayandırılması;
- Alış-veriş mərkəzlərində yerləşən ictimai iaşə obyektlərində (kafe və restoranlarda) Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müəyyən olunmuş profilaktik metodiki göstərişlərə (http://afsa.gov.az/uploads/info/warning/son_pdf1584195495.pdf) riayət edilməsi;
- Girişlərdə hərarət ölçmə qurğularının istifadəsilə girişdə bütün daxil olanların hərarətinin yoxlanılması (parklanma girişləri daxil olmaqla);
- Xidmət göstərən personalın xüsusi geyim vasitələri ilə təmin edilməsi;
- Havalandırma sistemlərinin işlək olması;
- Sabun və su əl yuma stansiyaları mövcud olmayan yerlərdə alkoqol əsaslı dezinfeksiya dispenserlərinin quraşdırılması və saxlanması;
- İş saatlarında dezifeksiya tədbirlərinin mütəmadi həyata keçirilməsi (əsasən işlək sahələrdə giriş-çıxış, lift, kassa və s.);
- Qeyri-iş saatlarında tam dezinfeksiya tədbirlərinin görülməsi;
- Alış-veriş mərkəzlərində mütəmadi gigiyena qaydaları ilə bağlı səsli anonsların verilməsi;
- Mütəmadi olaraq maarifləndirici video çarxların nümayiş etdirilməsi, giriş və çıxışlarda WHO Covid-19 üzrə məsləhətləri ilə bağlı panoların vurulması;
- Evlərə ərzaqların çatdırılması xidmətlərinin işə salınması;
- Kassa qarşısında və ya digər yerlərdə növbələrin vətəndaşlar arasında iki metrlik məsafə saxlanılmaqla təşkil edilməsi;
- Vətəndaşlara sms vasitəsilə atılacaq addımlar və mövcud məhdudiyyətlər barədə əvvəlcədən xəbər verilməsi;
- Yerli səhiyyə şöbələri ilə mütəmadi əlaqələrin yaradılması və yerli ictimai göstərişlərə əməl edilməsi;
- Atılacaq addımlarla bağlı alış-veriş mərkəzlərinin bütün əməkdaşlarının təlimatlandırılması (məlumat bürosu və təchizat əməkdaşları, xadimələr və s.);
- Xəstə olan əməkdaşların əmək fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması;
- Bu tədbirlərə əməl edilmədiyi təqdirdə cavabdeh şəxslər barədə ciddi tədbirlərin görülməsi.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, koronavirus (COVİD-19) xəstəliyinin yayılmasının qarşısının alınması üzrə Azərbaycan hökuməti tərəfindən aparılan profilaktik tədbirlərlə əlaqədar bir sıra strukturlar Novruz bayramındakı qeyri-iş günlərində adi iş rejimində çalışacaq. Bayram günlərində həmçinin Azərbaycanın xarici ölkələrdəki bütün səfirlikləri adi iş rejimində işləyəcək.