Accessibility links

Azərbaycanda amnistiya elan edilib - 17 minədək insan amnistiyaya düşəcək


Həbsxana

Bu gün, noyabrın 5-də Azərbaycan Milli Məclisi prezident İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olan 8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar qəbul edib.

Amnistiya aktının ümumilikdə 16 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir.

Bunlardan azadlıqdan məhrum etmə yerlərində cəza çəkən 3 mindən çox şəxsin azad ediləcəyi, habelə 3 minədək şəxsin cəzalarının çəkilməmiş hissəsinin azaldılacağı proqnozlaşdırılır.

Amnistiya aktına əsasən, Vətən müharibəsində və Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin, habelə döyüş əməliyyatlarında həlak olmuş şəxslərin yaxın qohumlarının, Azərbaycanın orden və medalları ilə təltif olunmuş şəxslərin, Vətən müharibəsi dövründə mülki əhaliyə qarşı hərbi təxribat nəticəsində əlil və ya həlak olmuş şəxslərin yaxın qohumlarının, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslərin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulur.

Bununla yanaşı, layihəyə görə, ehtiyatsızlıqdan cinayət törətmiş şəxslər, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər, cəzanın çəkilməmiş hissəsi 6 aydan az olan az ağır və ya ilk dəfə ağır cinayət törətmiş şəxslər, cəzanın sonuna 1 ildən az müddət qalmış məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslər azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad ediləcəklər.

Həmçinin cərimə, ictimai işlər, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama və digər azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş şəxslərin cəzadan azad edilməsi nəzərdə tutulur.

Amnistiya aktı əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluğun götürülməsi gözlənilir.

Sənəddə qeyd olunub ki, aidiyyəti orqanlar qərar qüvvəyə mindiyi gündən 4 ay müddətində amnistiyanın tətbiqini təmin etməlidir.

Milli Məclisin bu gün keçirilən iclasında parlament sədrinin birinci müavini Əli Hüseynli deyib ki, amnistiya aktı təxminən 16-17 min, bəlkə də daha çox şəxsi əhatə edəcək.

Bir sıra hüquq müdafiəçiləri amnistiya aktının ölkədə yerli hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınan yüzdən çox insanı əhatə etməyəcəyini ehtimal edir. Onlar amnistiya aktının təhlili nəticəsində bu qənaətə gəldiklərini bildirib.

Azərbaycanda son kütləvi əfv sərəncamı 2019-cu il martın 16-da olub. Bu sərəncam 431 nəfərə şamil edilib, onların 51 nəfəri yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınanlar olub. Sonuncu amnistiya aktı isə 2016-cı ildə qəbul olunub.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG