Prezident Ilham Əliyevin sərəncamı ilə Samir Nuriyev Prezident Administrasiyasının yeni rəhbəri təyin edilib.
Bundan öncə, 25 il ərzində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev olub. Mehdiyev oktyabrın 23-də vəzifəsindən azad edilib və Milli Elmlər Akademiyasının prezidenti seçilib.
Samir Nuriyev 9 mart 1975-ci ildə Bakı şəhərində anadan olub.
O, 1996-cı ildə Azərbaycan Texniki Universitetini bitirib. 2003-2005-ci illərdə ABŞ-ın Dyuk Universitetində Beynəlxalq İnkişaf Siyasəti üzrə magistr dərəcəsi alıb.
1996-2003-cü illərdə Nuriyev müхtəlif özəl şirkətlərdə və beynəlxalq təşkilatlarda iqtisadçı, marketinq üzrə menecer və layihə koordinatoru vəzifələrində çalışıb, o cümlədən 2000-2001-ci illərdə BMT İnkişaf Proqramının Azərbaycan ofisində biznes-məsləhətçi vəzifəsində işləyib.
2006-cı ildə o, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində Sahibkarlığın inkişafı departamentinin direktoru vəzifəsinə təyin edilib.
Samir Nuriyev 2009-cu ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəis müavini, 2013-cü ildə həmin idarənin rəisi, 12 aprel 2016-cı ildə Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru,14 fevral 2018-ci ildə Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri olub.
21 aprel 2018-ci ildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilib.
Nazim Bəydəmirli: Nuriyevin praktiki işlərindən biri monopoliyanın aradan qaldırılması olacaq
Milli Məclisin keçmiş deputatı Nazim Bəydəmirli Amerikanın Səsinə deyib ki, Nuriyevi şəxsən tanıyır və o, monopoliyaya qarşı mübarizəsi ilə yadda qalıb.
Samir Nuriyev Azərbaycan iqtisadiyyatı və monopoliya ilə bağlı kifayət qədər məlumatlıdır.Nazim Bəydəmirli, Milli Məclisin keçmiş deputatı
“O, 2006-2009-cu illərdə İqtisadiyyat Nazirliyində (keçmiş nazir Şahin Mustafayevin təyinatınadək) antiinhisar məsələlərinə cavabdeh şəxs olub. Nuriyev “Rəqabət Məcəlləsi”ni hazırlayan işçi qrupunun əlaqələndircisi olub. Biz onunla hökumətin Ümumdünya Ticarət Təşkilatı ilə apardığı danışıqlarda birgə iştirak etmişik. Xatırlayıram ki, ona qarşı bir kompramat da qurulmuşdu. Onun rəhbərlik etdiyi departamentin bir neçə əməkdaşı guya sahibkarlardan rüşvət tələb edirmiş ittihamı ilə həbs edildi (Rəsmi məlumata görə 2008-ci il avqustun 4-də İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Xidməti Departamentinin işçiləri Samir Dadaşov, Yalçın Məmmədov, İlham Şahmirzəyev və İdrak Ələkbərov rüşvət almaq ittihamı ilə həbs edilib-red). Biz o zaman da bilirdik ki, bu oyunu ölkədə monopoliya sahəsində söz sahibləri təşkil edib. Məqsəd Samir Nuriyevi “vurmaq” idi. Hesab edirəm ki, Şahin Mustafayev nazir olduğu dövrdə “Rəqabət Məcəlləsi” nəinki qəbul edildi, əksinə monopoliyaya qarşı mübarizə aparan şəxslər nazirliyin strukturundan uzalqaşdırıldı,” o qeyd edib.
Ekspert hesab edir ki, Samir Nuriyev Azərbaycan iqtisadiyyatı və monopoliya ilə bağlı kifayət qədər məlumatlıdır.
“Fikrimcə, onun Prezident Administrasiyasının rəhbəri kimi görəcəyi önəmli praktiki işlərdən biri də sahibkarlarla bağlı problemlərin, monopoliyanın aradan qaldırılması olacaq,” Bəydəmirli deyib.
Arif Hacılı: Birinci vitse-prezidentə yaxın şəxslər vəzifələrə təyin edilir
Müsavat Partiyasının başqanı Arif Hacılı hesab edir ki, Samir Nuriyevin Prezident Administrasiyasının rəhbəri təyin ediməsi son dövrlərdəki kadr siyasətinə uyğundur.
“Açıq-aydın görünür ki, birinci vitse-prezidentə yaxın olan və bundan əvvəl onunla işləmiş şəxslər müxtəlif vəzifələrə təyin edilir. Bu baxımdan həmin şəxsin Prezident Administrasiyasının rəhbəri təyin olunmasını məntiqli hesab edirəm. Konkret olaraq Samir Nuriyevin fəaliyyət qabiliyyəti ilə bağlı, onun siyasi karyerası, bütövlükdə dünya görüşü, həyat hekayəsi barədə məlumatım yoxdur. Ona görə, onun nə cür bir işçi olacağı barədə bir söz deyə bilmərəm,” o, Amerikanın Səsinə deyib.
İlqar Məmmədov: Bu vəzifə artıq baş vəzir vəzifəsi sayılmır
ReAL Partiyasının sədri İlqar Məmmədov Prezident Adminsitrasiyasının rəhbəri haqqında məlumatlı deyil.
“Yaşından və təcrübəsindən anladığım odur ki, bu vəzifə, Azərbaycanın siyasi sistemində daha əvvəlki rolunu daşımayacaq. Ramiz Mehdiyev bu vəzifədə olanda onun siyasi sistemdəki rolu Mehdiyevin şəxsiyyətinə və Heydər Əliyevlə münasibətlərinə bağlı idi və daha təsirli idi. İndiki, yeni təyinat, hər halda siyasi sistemə onu qədər təsirli olmayacaq. Yəni, bu vəzifədə olan adam başqa funksiya yerinə yetirəcək. Belə deyək, qısası, Ramiz Mehdiyev Heydər Əliyevin də, İlham Əliyevin də uzun müddət `baş vəziri` idisə, indiki şəraitdə bu vəzifə artıq `baş vəzir` vəzifəsi sayılmır,” o, Amerikanın Səsinə qeyd edib.
Vahid Əhməvov: Milli Məclis “Rəqabət Məcəlləsi”ni qəbul edəcək
Milli Məclisin deputatı Vahid Əhmədov yeni administrasiya rəhbəri ilə tanış deyil, amma Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri olanda telefon əlaqələri olub.
“Arxitektura ilə bağlı müəyyən təkliflərim olub, amma orada ciddi müqavimətlə rastlaşmamışam.”
Əhmədov ölkədə monopoliyanın aradan qaldırılması məsələsində hazırkı iqtisadiyyat naziri Mikayıl Cabbarova daha çox ümid bəsləyir.
“Mikayıl Cabbadov monopoliyanın aradan qaldırılmasına daha çox cəhd göstərir. Yəqin ki, yaxın zamanda Milli Məclis “Rəqabət Məcəlləsi”ni qəbul edəcək,” o qeyd edib.