Accessibility links

Azərbaycanda Avropa İttifaqına inteqrasiya dəstəklənir


Avropa İttifaqı və Azərbaycanın bayraqları

Azərbaycan vətəndaşları arasında keçirilmiş sorğunun nəticələrinə görə respondenlərin 46%-i Avropa İttifaqına müsbət münasibət bəsləyir.

Bu barədə Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Kəstutis Yankauskas sorğunun yekunlarının təqdimatında bildirib.

İllik sorğu "Şərq Tərəfdaşlığı" proqramı ölkələrində (Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova, Belarus) keçirilib. Ümumilikdə 6000 nəfərin rəyi soruşulub, hər ölkə üzrə 1000 nəfərin.

Respondentlərin 35%-i deyib ki, daha çox Avropa İttifaqına etibar edir. 25% BMT-ni və Avrasiya İqtisadi Birliyini, 20% NATO-nu dəstəkləyib.

Müqayisə üçün qeyd edək ki, 2016-cı ildə rəyi soruşulanların 27%-i, 2017-ci ildə 47%, 2018-ci ildə 39%-i Aropa İttifaqına münasibətin müsbət olduğunu bildirmişdi.

Azərbaycan vətəndaşları beynəlxalq institutlara inamla bağlı sual üzrə birinci yerdə Avropa İttigaqını görürlər.

Belə ki, respondentlərin 35%-i deyib ki, daha çox Avropa İttifaqına etibar edir. 25% BMT-ni və Avrasiya İqtisadi Birliyini, 20% NATO-nu dəstəkləyib.

Avropa İttifaqının dəyərlərinə gəlincə, üç əsas dəyər kimi, - iqtisadi rifah (78%), qanunun aliliyi (78), insan hüquqları (77%) göstərilib.

Avropa İttifaqının az qeyd olunan dəyərləri arasında demokratiya (70%), din azadlığı (68%), korrupsiyanın olmaması (57%) olub.

Şəxsi dəyərlər planında azərbaycanlı respondentlər ən çox dinc şəraiti, təhlükəsizlik və sabitliyi (52%), düzgünlük və şəffaflıq (45%), söz azadlığını (26%) qeyd ediblər. Bu kateqoriyada ən az şəxsi azadlıq (10%), başqa mədəniyyətlərə, etnik azlıqlara hörmət (2%), media azadlığı (2%) qeyd olunub.

Kəstutis Yankauskas
Kəstutis Yankauskas

Avropa İttifaqı haqqında ən aktual mövzular üzrə sorğuya görə, birinci yerdə Avropa İttifaqında həyat tərzi gəlir (39%). Sosial və siyasi xəbərlər axtaranlar 35%, iqtisadi xəbərlər 33%, təhsil və mədəniyyət proqramları 32%-dir. Avropa İttifaqı haqqında ümumi informasiya 12%, Avropa İttifaqı tərəfindən yaradılan imkanlar 7%, Avropa İttifaqı və "Şərq Tərəfdaşlığı" ölkələri arasında əlaqələr 5% olub.

Azərbaycan Avropa İttifaqı ilə əsası 2009-cu ildə qoyulan "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq edir. "Şərq Tərəfdaşlığı" Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir.

Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb. 2017-ci ilin noyabrında qurumla Ermənistan arasında tərəfdaşlıq sazişi imzalanıb. Azərbaycanla da belə sazişin imzalanması ilə bağlı danışıqlar 2017-ci ilin əvvəlindən başlanıb. Ancaq hələlik, tərəflər arasında tərəfdaşlıq sazişi imzalanmayıb.

İyulun 9-daAvropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycan səfəri zamanı saziş məsələsi diqqət mərkəzində olub.

Kəstutis Yankauskas jurnalistlərə bildirib ki, cənab Tuskun Azərbaycana səfəri uğurlu keçib və tərəflər əməkdaşlığı inkişaf etdirmək niyyətini təsdiqləyiblər.

Hazırda biz aviasiya sazişi ilə bağlı Azərbaycan tərəfinin təkliflərini gözləyirik
Kəstutis Yankauskas, Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri

Səfir deyib ki, Avropa İttifaqı və Azərbaycan arasında yeni sazişlə bağlı danışıqlar son mərhələdədir.

"Prezident İlham Əliyev Donald Tusk ilə görüşündə qeyd edib ki, yeni saziş üzrə bir çox məsələlər öz həllini tapıb, qalan məsələlər tərəfdaşlıq ruhunda həll ediləcək."

O bildirib ki, Avropa İttifaqı danışıqları başa çatdırmaq və yeni sazişi imzalamaq istəyir.

Yankauskas xatırladıb ki, 2017-ci ildən tərəflər aviasiya sazişi üzrə danışıqları yenidən aktuallaşdırıb.

"Aviasiya sazişi həm iqtisadiyyatın diversifikasiyası, turizm artımı, həm də Azərbaycanın da can atdığı nəqliyyat xabının yaradılması baxımından ölkə üçün faydalı olacaq. Hazırda biz aviasiya sazişi ilə bağlı Azərbaycan tərəfinin təkliflərini gözləyirik," o qeyd edib.

Səfir müqavilə imzalamayınca buraxılmış böyük imkanlar baxımından hər günü itirilmiş sayır.

XS
SM
MD
LG