Accessibility links

Azərbaycanda bələdiyyə seçkiləri keçirilir


Bələdiyyə seçkiləri

118 seçki dairəsinin 5049 seçki məntəqəsi səsvermə üçün açılıb

Dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.

Bakı vaxtı ilə saat 8-də 118 seçki dairəsinin 5049 seçki məntəqəsi səsvermə üçün açılıb. Azərbaycan ərazilərinin ermənilərin nəzarətində olması səbəbindən 7 seçki dairəsində bələdiyyə təşkil edilməyib.

Səsvermədə seçki hüququ olan 4 972 356 vətəndaş iştirak edə bilər.

1606 bələdiyyə üzrə 15 156 yer uğrunda 41 462 namizəd mübarizə aparır.

Namizədlərin üçdə biri 13 partiyanın nümayəndələridir: Yeni Azərbaycan, Demokratik İslahatlar, Böyük Quruluş, Vətəndaş Birliyi, Vahid Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı, Demokratik Maarifçilik, Sosial Demokrat, Ümid, Ana Vətən, Vətəndaş Həmrəyliyi, Vəhdət və Respublikaçılar partiyaları.

Aparıcı müxalifət qurumları - Milli Şura, Xalq Cəbhəsi və Müsavat partiyaları seçkiqabağı mühitin ədalətli olmadığını, bələdiyyələrin real səlahiyyətlərə malik olmadığını bildirib. Müxalifət qurumları seçkilərin saxtalaşdırılacağını da iddia edir. Bu səbəblərdən seçkilərə qatılmadığını bildirib.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilərdə 52 636 yerli və 17 beynəlxalq müşahidəçi akkreditə olunub.

1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb və online yayım aparılır.

Səsvermə saat 19-da başa çatacaq.

Bələdiyyə şuralarında yerlərin sayı bələdiyyə ərazilərindəki əhalinin sayından asılı olaraq 5-19 arasında dəyişir. Bələdiyyə seçkilərində kvorum yoxdur. Ən çox səs toplayan namizəd seçilmiş sayılır.

İlkin rəsmi nəticələr səsvermə başa çatdıqdan sonra beş gün ərzində Mərkəzi Seçki Komissiyası tərəfindən elan ediləcək.

XS
SM
MD
LG