Accessibility links

Azərbaycanda benzinin bəzi markalarının qiymətləri yenidən qalxıb


Socar
Socar

Sentyabrın 15-dən Azərbaycanda benzinin bəzi markalarının qiymətləri qalxıb.

"Azpetrol"un yanacaqdoldurma məntəqələrində "Aİ-95" (Premium) markalı benzinin qiyməti 1.45 manatdan 1.6 manata, "Aİ-98" (Super) isə 1.6 manatdan 1.9 manatadək bahalaşıb. "Aİ-92" markalı benzinin qiymətində artım olmayıb.

İstər "Aİ-95", istərsə də "Aİ-98" markalı benzinlər Azərbaycana idxal edilir, onların qiymətlərini Tarif Şurası tənzimləmir.

Bu il bundan əvvəl daha iki dəfə benzinin həmin markalarında bahalaşma olub.

Öz növbəsində SOCAR PETROLEUM mətbuat xidmətinin rəhbəri Üzeyir Həbibbəyli jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda “A-98 SUPER” və “A-95 PREMİUM” yanacaq növlərinin bahalaşması mənbə ölkədə qiymət artımı ilə əlaqədardır.

Azərbaycanın müstəqil iqtisadçıları ölkənin Aİ-95 "premium" və "super" markalı benzinlərlə bağlı idxaldan asılı olmasına görə hökuməti tənqid edirlər.

Onlar hesab edir ki, həmin markalı benzinin bahalaşmasının dünya bazarında neftin qiymətinin dəyişməsi ilə əlaqəsi yoxdur. Onların fikrincə, Azərbaycandakı bahalaşma sırf inhisarçılıqla bağlıdır.

Bir müddət əvvəl isə SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini İbrahim Əhmədov Azərbaycanda Aİ-95 markalı benzinin bahalaşmasına münasibət bildirərkən demişdi ki, premium və super markalı benzin Azərbaycana idxal olunur və bu səbəbdən də qiymətləri beynəlxalq qiymətdən asılıdır:

"Dünyada bu növ neft məhsullarının qiymətləri azaldıqca, Azərbaycanda da azalır. Məsələn, pandemiyadan əvvəl "premium" benzinin hər litri üçün qiyməti 1.50 manat olub, pandemiya zamanı neftin qiyməti düşəndə bu rəqəm hər litr üçün 1.10-1.20 manat, sonra 1.25 manat olub. İndi isə bu benzin markasının hər litri 1.40 manata yüksəlib".

İlham Əhmədovun sözlərinə görə, bu benzin növlərinin qiymətləri istehsalçı ölkədən, istehsalçı zavoddan, onun satdığı qiymətdən asılıdır. SOCAR rəsmisi habelə bildirib ki, Aİ-92 və dizel yanacağı ümumi istehlakın 90 faizini təşkil edir: "Bu yanacaq növləri Azərbaycanda istehsal olduğu üçün qiymətləri dövlət tərəfindən tənzimlənir. Gələcəkdə, 2022-ci ildən sonra, SOCAR-ın Heydər Əliyev Adına Neft Emalı Zavodunun modernizasiyanın hazırkı mərhələsi başa çatdıqdan sonra Azərbaycanda da Aİ-95 markalı benzinin istehsalı mümkün olacaq. Bundan sonra biz artıq bu yanacaq növünün idxalından asılı olmayacağıq və onun qiyməti də Azərbaycan dövlətinin müəyyən etdiyi qiymətlə tənzimlənəcək".

XS
SM
MD
LG