Accessibility links

Azərbaycanda benzinin və dizel yanacağının qiymətləri artırılıb


Yanvarın 4-də Azərbaycan Tarif (qiymət) Şurası ölkədə Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiymətinin 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiymətinin 1 litr üçün 80 qəpik müəyyən edilməsi barədə qərar qəbul edib.

Bunadək Aİ-92 markarl benzinin 1 litrinin qiyməti 90 qəpik, 1 litr dizel yanacağının qiyməti 60 qəpik idi.

Tarif Şurasının məlumatında deyilir ki, Dövlət Neft Şirkəti (SOCAR) şuraya müraciət edərək ölkədə təbii qazın, Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılmasını təklif edib. Təbii qazın qiymət artımı təklifinin iqtisadi cəhətdən əsaslandırılmasına baxmayaraq, aparılan sosial siyasət nəzərə alınaraq, Tarif (qiymət) Şurası təbii qazın tariflərinin artırılmasını məqsədəmüvafiq hesab etməyib.

“SOCAR-ın müraciətində Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılması həmin məhsulların keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması, neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərinin davam etdirilməsi ilə əsaslandırılıb. Qeyd edilməlidir ki, 2022-ci ilin iyun ayınadək dizel yanacağının, 2023-cü ilin iyun ayınadək isə Aİ-92 markalı avtomobil benzininin AVRO-5 standartına tam uyğunlaşdırılması nəzərdə tutulur,” məlumatda deyilir.

Tarif (qiymət) Şurasının iclasında digər sahələr üzrə tariflərə də yenidən baxılıb.

Belə ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin daşınmaz əmlakın texniki inventarlaşdırılmasının aparılması, əmlak barədə məlumatların reyestrə daxil edilməsi və əlaqədar xidmətləri üzrə tariflərə baxılması barədə müraciəti müzakirə edilib. Bu xidmətlər üzrə tariflərin 2009-cu ildə təsdiq olunduğu və tarif dəyişikliyi nəticəsində yaranan əlavə vəsaitin keyfiyyətli, çevik və etibarlı xidmətlərin göstərilməsi üçün avadanlıqların alınmasına, işçilərin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına, informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsinə sərf ediləcəyi nəzərə alınaraq, yeni tariflər təsdiq olunub.

Yeni tariflər 5 yanvar 2021-ci il tarixindən tətbiq ediləcək.

Tarif Şurasının iclasında yeni dövlət qeydiyyatından keçmiş 300-ə yaxın dərman vasitəsinin qiyməti də təsdiq olunub.

XS
SM
MD
LG