Azərbaycanda koronavirus infeksiyasına yoluxma halları sürətlə artmaqda davam etdiyi bir vaxtda, bu gün, oktyabrın 14-də Nazirlər Kabineti Lənkəran rayonunun Şağlaküçə və Şıxəkəran kəndlərinə, Quba şəhərinə, Quba rayonunun Rustov və Zərdabi kəndlərinə giriş-çıxışın dayandırılması barədə qərar qəbul edib.
Qərar oktyabrın 15-də qüvvəyə minir.
Nazirlər Kabinetinin qəraraı ilə həmçinin Gəncə, Yevlax, Mingəçevir, Lənkəran, Şəki, Şirvan şəhərlərində və Göygöl, Samux, Sabirabad, Quba rayonlarında noyabrın 2-dək hər həftənin şənbə və bazar günlərində ictimai nəqliyyatın hərəkəti dayandırılıb. Bundan öncə isə Bakı, Sumqayıt və Abşeron rayonu ərazisində karantin rejimi dövründə şənbə və bazar günləri ictimai nəqliyyatın hərəkəti dayandırılıb.
Oktyabrın 13-dən Sabirabad şəhərinə, bu rayonun Cavad, Türkədi, Qalağayın, Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə giriş-çıxışa qadağa tətbiq edilib.
Ölkədə son günlər ərzində COVİD-19-a yoluxanların sayı bir neçə dəfə artaraq bu gün 369 yeni yoluxma faktı qeydə alınıb.
Hazırda ölkədə 2 564 nəfər aktiv COVİD-19 xəstəsi var.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.
Həmin vaxtdan ölkədə karantin rejimi tətbiq edilib və noyabrın 2-dək davam edəcək.