Accessibility links

"Azərbaycanda bloklanan 5 sayta giriş imkanı yaradan resurslar da bloklana bilər"- ekspertin şərhi


bloklanmış saytlar
bloklanmış saytlar

Azadlıq Radiosu, Meydan TV, Azadliq qəzeti, Azərbaycansaatı və Turan TV-yə aid internet saytlarına daxil olmaq üçün istifadə edilən başqa saytlar da bloklana bilər.

Hüquqşünas Xalid Ağaliyev Amerikanın Səsinə bildirib ki, Azərbaycan Ali Məhkəməsini Plenumu bu məhkəmənin sədri Ramiz Rzayevin sədrliyi, hakim Əhməd Əhmədovun məruzəsi ilə Novruz Bayramı günlərində – martın 19-da adı çəkilən 5 saytın blok edilməsi işi üzrə apellyasiya və kassasiya instansiyasının bütün qərarlarını ləğv edib. Plenum işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib.

"Rabitə Nazirliyi 2017-ci ilin əvvəlində qeyd edilən 5 internet mediasının blok edilməsi tələbi ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdi. Həmin vaxt nazirliyin məhkəmədən tələbləri bunlar idi:
- 5 medianın internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması;
- bu resurslara giriş digər informasiya ehtiyatları vasitəsi ilə mümkün olarsa, bloklama qərarının həmin resurlara da şamil olunması barədə qətnamə çıxarılsın.

Səbail rayon Məhkəməsi həmin vaxt 5 resursa girişi məhdudlaşdıran qətnamə qəbul etmişdi. İkinci tələb isə təmin edilməmişdi.

Bu qətnamə Rabitə Nazirliyini qane etmişdi, onlar apellyasiya şikayəti verməmişdilər. Ancaq 3 il sonra birbaşa Ali Məhkəmənin Plenumuna şikayət ediblər. Plenumun qərarında bununla bağlı qeyd edilir ki, Bakı Apellyasiya Məhkəməsi 5 resursun apelyasiya şikayətinə baxarkən, Rabitə Nazirliyi apellyasiya şikayəti verməsə də, onlara münasibətdə də rayon məhkəməsinin qərarını yoxlayıb," o bildirib.

Bakı Apellyasiya Məhkəməsi yaxın vaxtlarda Səbail rayon Məhkəməsinin 5 resursla bağlı qərarına yenidən baxacaq.

Xalid Agalıyev deyir ki, Rabitə Nazirliyinin şikayəti kontekstində baxıldıqda aydındır ki, nazirlik bloklamanın arealının daha genişləndirilməsini tələb edir.

“2017-ci ildə nazirlik 5 resursun bloklanması üçün məhkəməyə müraciət edəndə iki tələb irəli sürmüşdü. Tələb edilirdi ki, həm 5 medianın saytı blok edilsin, həm də həmin saytlara digər informasiya ehtiyatları vasitəsi ilə giriş məhdudlaşdırılsın. Burada 5 medianın youtube və digər sosial media platformalarındakı səhifələri, habelə, həmin 5 medianın materiallarını yayanların da bloklanması nəzərdə tutulurdu. Həmin vaxt məhkəmələr yalnız birinci tələbi təmin etdilər, 5 medianın saytları blok edildi. İndi ikinci tələbin də təmin edilməsi istənilir. Ali Məhkəmənin Plenumu nazirliyin bu tələbini əsaslı hesab etdiyindən, əvvəlki bütün qərarları ləğv edib, işi yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə göndərib.”

Ekspert hesab edir ki, işə ədalətli baxılarsa, 5 resursa tətbiq edilən bloklama ümumiyyətlə ləğv də edilə bilər.

“Azərbaycanın daxili qanunvericiliyi 5 medianın bloklanmasını dəstəkləyir. Ancaq, Azərbaycan Avropa Şurasının üzvü olaraq, Avropa Məhkəməsinin presedent hüququ yurisdiksiyasına daxildir. Məhkəmələr bloklama ilə bağlı işlərə baxarkən Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsini əsas götürməlidir. 5 media bir neçə materiala görə blok edilib. Avropa Məhkəməsinin təcrübəsi isə bir neçə materiala görə bir medianın bloklanmasını legitim hesab etmir, yalnız konkret materiallara blokun tətbiqini adekvat müdaxilə sayır. Odur ki, işə ədalətli baxılarsa, bloklama aradan qaldırıla da bilər. Ancaq mövcud mürtəce təcrübəmizin işığında belə pozitiv qərara ümid etmirəm.”

Xalid Ağaliyev həmçinin qeyd edib ki, 5 resursun şikayətinı artıq Avropa Məhkəməsində baxılır.

“Məhkəmənin təcrübəsinin işığında əminəm ki, Avropa Məhkəməsi bloklamanın qanunsuz olması barədə qərarı verəcək,” o qeyd edib.

Meydan TV də daxil olmaqla, sözügedən 5 sayta giriş Azərbaycanda 2017-ci il martın 27-dən məhdudlaşdırılıb.

Azərbaycanda saytların bloklanmasına, əsasən, ötən il, 2017-ci ildə "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanununa edilən dəyişikliklərdən sonra başlanıb. Martın sonundan AzadlıqRadiosu daxil olmaqla, ölkədə bir neçə müstəqil və müxalifyönlü sayta giriş əngəllənib. Mayın 12-də isə Səbail Rayon Məhkəməsi bununla bağlı qərar verib. Söhbət AzadlıqRadiosunun, Azadlıq qəzetinin, MeydanTV-nin, TuranTV-nin və Azərbaycan saatı televiziya proqramının saytlarından gedir.

Məhkəmə qərarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında verilib. Nazirlik iddiasının Baş Prokurorluğun müraciətinə söykəndiyini bildirib. Müraciətdə sözügedən saytlarda dövlətin maraqlarına ziyan vuran bir sıra yazıların yayıldığı iddia edilib. Ancaq müdafiə tərəfi məhkəmə prosesində iddiaların əsassız olduğunu bəyan edib.

Bloklanmış saytlardan bir neçəsi Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib. Həmin şikayətlər üzrə Strasburqdan Azərbaycan hökumətinə artıq sorğular göndərilib.

XS
SM
MD
LG