Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1924 yoluxma faktı qeydə alınıb, 1873 nəfər sağalıb, 23 nəfər vəfat edib.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
İndiyədək ölkədə ümumilikdə 578 627 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 543 200 nəfər müalicə olunaraq sağalıb, 7 709 nəfər vəfat edib. Aktiv xəstə sayı 27 718 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 584 test icra olunub.
Ölkədə fevralın 18-dən vaksinasiya başlayıb.
Bu günədək vurulan vaksinlərin ümumi sayı 10 milyon 363 min 317, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 59 min 543, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 538 min 992 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 764 min 782 nəfər təşkil edir.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.
Ölkədə 2022-ci il yanvarın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.
Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.
İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.
İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.
Ölkədə sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.