Accessibility links

Azərbaycanda COVID-19 pasportu tətbiq edilib


Bu gün, sentyabrın 1-dən Azərbaycanda restoranlara, iri ticarət mərkəzlərinə, mehmanxanalara, təhsil müəssisələrinə və iş yerlərinə COVID-19 pasportu olmayanlar buraxılmayacaq.

Nazirlər Kabinetinin 26 iyul tarixli qərarına əsasən, yaşı 18-dən yuxarı olan şəxslər qeyd olunan qapalı məkanlarda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcək.

Qərara görə, peyvənd olunmayan şəxslər obyektlərə daxil olarsa obyekt sahibi, - fiziki şəxslər 200-400 manat, hüquqi şəxslər 3000-4000 manat cərimələnəcək.

Bununla yanaşı, sentyabrın 1-dən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq, elm və təhsil müəssisələrinin işçilərinin azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunacaq. Eyni zamanda, ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olması da tələb ediləcək.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb və noyabrın 1-dək xüsusi karantin rejimi tətbiq olunub.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb. Bu günə qədər vurulan vaksinlərin ümumi sayı 6 milyon 805 min 740, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 113 min 716, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 692 min 24 nəfər təşkil edir.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərir.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG