Accessibility links

Azərbaycanda COVİD-19 yoluxma 129 nəfərədək azalıb


Koronavirus
Koronavirus

Avqustun 7-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 129 yeni yoluxma faktı qeydə alınıb, 421 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 33 376 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 29 696 nəfər müalicə olunaraq sağalıb, 483 nəfər vəfat edib, 3 197 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 872, ötən müddət ərzində isə ümumilikdə 773 051 test aparılıb.

Xatırladaq ki, iyunun sonlarında COVİD-19-a yoluxanların sayı 500-600 arasında olub. Hökumət karantin rejimini ikinci dəfə sərtləşdirəndən sonra, iyulun ortalarından başlayaraq yoluxanların sayı 4 dəfəyədək azalıb.

COVID-19 haqqında qısa məlumat

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi iyulun 5-dən avqustun 5-dək uzadılıb.

Bundan əlavə, 2020-ci il iyulun 4-dən avqustun 5-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılıb.

Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda avqustun 5-dək şənbə və bazar günləri bütün ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

Virusa yoluxma dinamikasının azaldıması istiqamətindəki tədbirlər çərçivəsində bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilib.

Xüsusi karantin rejimi dövründə avqustun 31-dək bir çox iş və xidmət sahələri üzrə fəaliyyətə icazə verilmir.

Avqustun 5-dən SMS icazə sistemi yenidən ləğv edilib.

XS
SM
MD
LG