COVID-19 pasportu olmayanlar məscidə ibadətə buraxılmayacaq.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri əsasında məsciddə və digər ibadət yerlərində riayət olunmalı qaydalarda qeyd edilib.
Qaydalara əsasən, məscid və digər ibadət yerlərinə gələn şəxslər mütləq COVID-19 pasportunu (peyvənd vurulmasına dair və ya immunitet sertifikatını) təqdim etməli, tibbi maska taxmalı, antiseptik məhluldan istifadə etməli, əl ilə görüşməməlidirlər. İbadət yerlərinə daxil olan şəxslərin COVID-19 pasportu və temperaturu yoxlanılmalı, bədən temperaturu norma daxilində olan və COVID-19 pasportuna malik olan şəxslər içəri buraxılmalıdır.
Nəzərdə tutulan yerlərin 50 faizindən (ümumi olaraq 50 nəfərdən) çox olmamaq şərtilə təşkil edilməlidir.
Qeyd edək ki, məscidlərdə ibadətlərə iyunun 10-dan icazə veriləcək.
Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək vurulan vaksin dozalarının sayı 2 milyon 253 min 216-ya bərabərdir. Birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 1 milyon 352 min 958, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 900 min 258 nəfərdir.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.
Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi avqustun 1-dək davam edəcək.
Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.
Amma həftəsonu istirahət günləri və bayram günlərində ölkənin bütün ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.
İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə veriləcək. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərəcək.
Azərbaycanda COVID pasportu tətbiq olunur.