2022-ci il fevralın 1-dən Azərbaycanda dövlət orqanlarının əməkdaşları COVID-19-a qarşı vaksinin iki dozasının vurulması, immunitet və ya əks-göstəriş barədə sertifikatlar təqdim etməlidirlər.
Bu barədə Nazirlər Kabineti qərar qəbul edib.
Bu tələb mülkiyyət formasından asılı olmayaraq bütün tibb, əczaçılıq, elm və təhsil müəssisələrinin əməkdaşlarına, xidmət sahəsi işçilərinə də şamil ediləcək.
Qərarda həmçinin deyilir ki, Azərbaycanda yeni il gecəsi ictimai iaşə obyektlərinə gecə saat 2-dək işləməyə icazə verilib.
Restoran və kafelərdə yeni il tədbirlərində qonaqların ümumi sayı 150 nəfərdən çox olmamalıdır və hər bir zalda otağın sahəsi nəzərə alınmaqla müəyyənləşdirilməlidir.
150-ə qədər qonağın iştirakı ilə keçirilən tədbirlərdə 18 yaşdan yuxarı bütün şəxslər COVID-19-a qarşı vaksinin iki dozasının vurulması, yaxud immunitet və əks-göstəriş barədə sertifikatlara malik olmalıdırlar.
Xidmət personalı (musiqiçilər istisna olmaqla) üçün tibbi maskaların, əlcəklərin və digər fərdi qorunma vasitələrinin olması mütləqdir.