İrandan Azərbaycana gələn daha üç şəxsdə koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ qərargahdan verilən məlumatda belə deyilir.
Həmin şəxslərdən birinin 1988-ci il təvəllüdlü Almaniya vətəndaşı, digər iki nəfərin isə 1994 və 1999-cu il təvəllüdlü, İranın Qum şəhərində təhsil alan Azərbaycan vətəndaşı olduğu bildirilir. Hər üçünün də xüsusi rejimli xəstəxanaya yerləşdirildiyi qeyd olunur.
Məlumatda pasiyentlərin vəziyyətinin kafi, hərarətlərinin normal olduğu, şikayətləri olmadığı, müalicə edildikləri bildirilir.
Rəsmi məlumatlara görə, bundan əvvəl Azərbaycanda 3 nəfər koronavirusa yoluxma halı müəyyən edilib, ölüm halı yoxdur.
Vəziyyəti nəzarət altında saxlamaq üçün fevralın sonlarında Nazirlər Kabineti yanında Operativ qərargah yaradılıb.