Accessibility links

Azərbaycanda daha 4 nəfərdə koronavirus aşkarlanıb


Azərbaycanda yeni koronavirus infeksiyasına daha 4 yoluxma faktı qeydə alınıb. Hazırda xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan pasiyentlər özlərini normal hiss edirlər, səhhətləri sabitdir.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Hazırda Azərbaycanda 16 nəfər koronavirusa yoluxmuş şəxsin müalicəsi davam etdirilir. Ümumilikdə ölkədə 23 nəfər koronavirusa yoluxmuş şəxs aşkar edilib. Onlardan 6 nəfəri sağalaraq evə buraxılıb. Bir nəfər isə vəfat edib.

Rəsmi statistika elan edilməsə də müşahidəçilərin fikrincə yüzlərlə insan karantinə alınıb.

"Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, bir daha vətəndaşlarımızı diqqətli olmağa, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında operativ qərargahın qəbul etdiyi qərarları və müəyyənləşdirdiyi qaydaları tam yerinə yetirməyə çağırırıq," Nazirlər Kabineti yanında Operativ Qərargah əhaliyə müraciət edib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata görə, martın 15-dək Azərbaycan ərazisinə keçən ümumilikdə 2 183 nəfər (670 nəfər Azərbaycan, 336 nəfər Rusiya, 1 168 nəfər İran, 3 nəfər Gürcüstan, 3 nəfər Belarus və hər birindən 1 nəfər olmaqla Türkiyə, Pakistan və Almaniya vətəndaşları) müayinədən keçirilib. Bunlardan Astara qəbul-çeşidləmə məntəqəsi üzrə 1 182, Biləsuvar məntəqəsi üzrə 1 001 nəfər müayinədən keçirilib. Müayinədən keçənlərdən cəmi 27 nəfərdə, o cümlədən Astara qəbul-çeşidləmə məntəqəsi üzrə 18, Biləsuvar qəbul-çeşidləmə məntəqəsi üzrə 9 nəfərdə şübhəli əlamətlər aşkar edildiyindən həmin şəxslər dəqiq diaqnoz qoyulması məqsədilə xüsusi ayrılmış müvafiq yerli xəstəxanaya göndərilib.

Hazırda Biləsuvar qəbul-çeşidləmə məntəqəsində heç bir şübhəli göstərici aşkarlanmamış 73 nəfər karantin şəraitində müvəqqəti saxlanılır ki, onların da vəziyyətlərində hansısa mənfi tendensiya müşahidə edilmir. Həmçinin, Astara rayonu üzrə 22 nəfər, Biləsuvar rayonu üzrə 15 nəfər olmaqla cəmi 37 nəfər öz istəklərinə uyğun olaraq xüsusi ayrılmış yerli xəstəxanada karantin şəraitində müvəqqəti qalır,” məlumatda qeyd edilir.

Şərhlərə bax

XS
SM
MD
LG