Accessibility links

Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxub


Koronavirus

Azərbaycanda 43 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 7 nəfərin vəziyyəti ağır, 12 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Eyni zamanda, koronavirus infeksiyasına yoluxmuş 6 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.

Hazırkı dövrədək ölkədə 443 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 406 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Azərbaycanda müxtəlif karantin zonalarına yerləşdirilən 4321 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər dayandırılıb. Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alır.

Martın 29-dan da xüsusi karantin rejiminin bir qədər də gücləndirildiyi açıqlanıb. Bakı metrosu gün ərzində yalnız müəyyən saatlar çərçivəsində fəaliyyət göstərib. Sonra da martın 31-dən aprelin 20-nə kimi metroda fəaliyyət dayandırılıb. Həmin gündən qaydaların daha da sərtləşdirildiyi elan edilib. Yalnız bəzi icazəli sahələrdə çalışanların sərbəst hərəkətinə maneə yaradılmayacağı vurğulanıb.

Bu vaxta qədər ümumilikdə Azərbaycanda 400 nəfərin koronavirus infeksiyasına yoluxduğu açıqlanıb. Onlardan 26 nəfərin müalicə olunaraq sağaldığı, 5 nəfərin vəfat etdiyi deyilir.

XS
SM
MD
LG