Accessibility links

Azərbaycanda daha iki bankın lisenziyası ləğv edilib


Bank

Azərbaycanda daha 2 bankın - “AGBank” və “NBC Bank”ın lisenziyası ləğv edilib.

Bu barədə mayın 12-də Azərbaycan Mərkəzi Bankı (MB) məlumat yayıb.

Açıqlamaya görə, əsas hədəf bank sisteminin sağlamlaşdırılması, əhalinin maraqlarının, xüsusilə banklarda olan əmanətlərinin qorunmasıdır.

Məlumatda deyilir ki, “NBC Bank”ın maliyyə vəziyyəti qeyri-qənaətbəxşdir. Kapitalını tam itirib.

“Bundan əlavə, əmanətlər üzrə öhdəliklərini yerinə yetirə bilməyib. Riskli və qeyri-prudensial kredit siyasəti nəticəsində, İpoteka və Kredit Zəmanəti Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditləri istisna edilməklə, 2020-ci ilin 30 aprel tarixinə bankın kredit portfelinin 54 faizinin (73 milyon manat) qeyri-işlək olduğu məlum olub.”

Mərkəzi Bank bildirir ki, məqsədli ehtiyatlarda aparılan korreksiyalardan sonra bankın məcmu kapitalı mənfi 24 milyon manat olub.

Lisenziyası geri alınmış 4 bankda əhalinin qorunan əmanətlərinin ümumi məbləği 686 milyon manatdır. Ümumilikdə 215 min əmanətçini əhatə edir. Bu banklarda ümumi əmanət portfelinin 99 faizindən çoxu qorunan əmanətlərdir və onlar tam kompensasiya ediləcək.

“Kapital mövqeyinin bərpası üçün 74 milyon manat məbləğində əlavə kapital qoyuluşu tələb olunurdu. Müvəqqəti inzibatçı müəyyən edib ki, bank təqdim etdiyi prudensial və statistik hesabatları davamlı olaraq təhrif edib.”

Azərbaycan Mərkəzi Bankı qeyd edib ki, müvəqqəti inzibatçının apardığı qiymətləndirmələr bir daha "NBC Bank" ASC-də maliyyə vəziyyətinin qeyri-qənaətbəxş olduğunu, kapitalın tam itirildiyini və likvidliyi ilə bağlı ciddi problemlərinin olduğunu təsdiqləyib.

"Əmanətlər üzrə öhdəliklərini yerinə yetirə bilmədiyi və banka tətbiq edilmiş təshih tədbirlərinə riayət edilmədiyi məlum olub."

Məlumata görə, "AG Bank" ASC-də də aparılmış dəqiqləşdirmələr həmin bankın maliyyə vəziyyətinin qeyri-qənaətbəxş olduğunu, kapital mövqeyinin tam itirildiyini təsdiq edib və daha da pisləşdiyi məlum olub.

"30 aprel 2020-ci il tarixinə bankın kredit portfelinin 51 faizi qeyri-işlək statusundadır. Məqsədli ehtiyatlarda aparılan korreksiyalardan sonra bankın məcmu kapitalı mənfi 167 milyon manat təşkil edib. Kapital mövqeyinin bərpası üçün 212 milyon manat əlavə kapital qoyuluşu tələb olunurdu".

Qeyd olunanları nəzərə alaraq və kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilmədiklərinə görə Mərkəzi Bankın İdarə Heyəti mayın 12-dən onların lisenziyalarını ləğv edib.

Mərkəzi Bank sonda bildirir ki, son bir ayda lisenziyası geri alınmış 4 bankda əhalinin qorunan əmanətlərinin ümumi məbləği 686 milyon manatdır. Ümumilikdə 215 min əmanətçini əhatə edir. Bu banklarda ümumi əmanət portfelinin 99 faizindən çoxu qorunan əmanətlərdir və onlar tam kompensasiya ediləcək.

Hələlik, lisenziyası ləğv edilən banklardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Aprelin 27-də Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qəbul etdiyi qərarla “Atabank”, “AGBank”, “NBC Bank” və “Amrah Bank” ASC-lərə müvəqqəti inzibatçılar təyin edilmişdi. Daha sonra AMB aprelin 28-də “Atabank” və “Amrah Bank”ın lisenziyalarını ləğv edib.

Ekspert rəyləri

İqtisaçı ekspert Samir Əliyev Amerikanın Səsinə deyir ki, bankların bağlanması 2015-ci ildə ölkədə baş vermiş devalvasiyanın ağır nəticələrinin davamıdır.

Bank sektoru real sektora bağlı olduğundan ilk növbədə ölkə iqtisadiyyatında real sektor inkişaf etməlidir. Burada özəl sektorun inkişafından tutmuş şəffaflıq, rəqabət mühitinin formalaşması həll edilməldir.
Samir Əliyev, ekspert

“Mən düşünmürəm ki, bankların bağlanması sırf pandemiyanın yaratdığı mövcud vəziyyətdir. Beş il əvvəl devalvasiya olub, təəssüf ki, bankların problemi həll olunmayıb. Vaxtında tədbir görülməyib ,indi də bağlamaq məcburiyyətində qalırlar. Bu, problemi əlbəttə həll etməyəcək. Burada daha çox təbii seçmə prinsipi fəaliyyət göstərir. Zəif banklar bağlanır, sıradan çıxarılır, güclü banklar daha da güclənir. Baş verənlər bank sektorunda təmərküsəzləşməni daha da gücləndirəcək. İnsanlar artıq ən böyük banklara əmanət yerləşdirəcəklər. Yəni hesablarını o banklarda açacaqlar. Bu da bank sektorunda güclü bankların daha da güclənməsinə gətirib çıxaracaq. Əlbəttə, burada bank sektorunu ayrıca həll etmək mümkün deyil.

Samir Əliyev
Samir Əliyev

Bank sektoru real sektora bağlı olduğundan ilk növbədə ölkə iqtisadiyyatında real sektor inkişaf etməlidir. Burada özəl sektorun inkişafından tutmuş şəffaflıq, rəqabət mühitinin formalaşması həll edilməldir. Və bunun tərkib hissəsi özəl sektorda bankların dayanıqlığı artırılmalıdır. Bankların göstərdiyi xidmətlərin həm sayı, həm də keyfiyyəti artırılmalıdır.”

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, iki bankın lisenziyasının alınması, 2 bankla da bağlı araşdırmaların davam etdirilməsi və kənardan inzibatçı təyin edilməsi hələ maliyyə-bank sistemi problemlərinin həll edildiyi anlamına gəlmir.

Sentyabra qədər problemli kreditlər kəskin arta bilər. Ona görə də, bank sektorunda sressli vəziyyət hələ bir müddət davam edəcək.
Natiq Cəfərli, ekspert

“Hələ də bazarda zəif olan banklar var, pandemiya və karantin də bankların zəifləməsinə səbəb olur. Hökumət hələ ki, bank sektorunda yaranan və artacaq problemlərin həll yolunu təklif etməyib, önləyici tədbirlər görməyib. Məncə, payız aylarında banklarda toksik, problemli kreditlər artacaq, çünki, hökumət sentyabra qədər bütün növ kreditlərlə bağlı gecikmələrə görə dəbbə pulu, yəni, cərimələr hesablanmaması ilə bağlı banklara tövsiyə verib. Yəni, sentyabra qədər problemli kreditlər kəskin arta bilər. Ona görə də, bank sektorunda sressli vəziyyət hələ bir müddət davam edəcək.

Natiq Cəfərli
Natiq Cəfərli

2015-ci ilin ortalarında Konstitusiya Məhkəməsi qərara alıb ki, həmin il fevralın 21-dək, yəni manatın devalvasiyasına qədər hüquqi və fiziki şəxslərin xarici valyuta ilə götürdükləri kreditlər borcun qaytarıldığı anda mövcud məzənnə üzrə ödənilməlidir. Belə ki, Konstitusiya Məhkəməsinin bu qərarınadak bir dollar 0.78 manat idi. Hazırda bir dollar 1,70 manatdır," o qeyd edib.

Şərhlərə bax

XS
SM
MD
LG