Azərbaycanda koronavirusun "Delta" ştammı aşkarlanıb.
Bu barədə Səhiyyə Nazirliyi ilə İcbati Tibbi Sığorta üsrə Dövlət Agentliyinin birgə məlumatında bildirilir.
“Koronavirusların mutasiyaları nəticəsində son zamanlar meydana çıxan yeni variantlar bütün dünyada ciddi narahatlıq doğurur. Ölkəmizdə epidemioloji vəziyyətin nəzarətdə saxlanılması üçün görülən tədbirlər çərçivəsində Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində SARS-CoV-2 virusunun genetik variantlarına dair mütəmadi analizlər aparılır.
Aparılan araşdırmaların növbəti mərhələsində son dövrdə ölkə xaricindən gələn şəxslərdən alınmış nümunələrdən 31-də B.1.617 (Delta) variantı, 9-da B.1.1.7 (20 Alpha V1, Britaniya) variantı aşkar olunub” - deyə, məlumatda deyilir.
Hər iki qurum ölkə vətəndaşlarını vaksinasiya olunmağa çağırır.
Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək vurulan vaksinlərin ümumi sayı 4 107 950, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 474 911, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 633 039 təşkil edir.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.
Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi avqustun 1-dək davam edəcək.
Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.
İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərir.
İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.