Accessibility links

Azərbaycanda deputatın toxunulmazlığı ləğv edildi


Eldəniz Səlimov
Eldəniz Səlimov

Avqustun 3-də Milli Məclisin keçirilən növbədənkənar sessiyasında deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilib.

Bu barədə parlamentin növbədənkənar sessiyasında parlament üzvləri qərar qəbul ediblər.

Deputatlardan 98 nəfər məsələnin lehinə səs verib. Bir nəfər bitərəf qalıb, bir nəfər isə səsvermədə iştirak etməyib. Təklifin əleyhinə səs verən olmayıb.

Öz növbəsində parlamentin bu gün keçirilən növbədənkənar iclasında Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib ki, deputat Eldəniz Səlimovun toxunulmazlığının ləğv edilməsi ilə bağlı parlamentə təqdimatımın kifayət qədər əsasları olub.

Bununla bağlı Eldəniz Səlimov hələlik münasibət almaq mümkün olmayıb.

Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatına görə, iyulun 29-da Xaçmaz şəhərində (Bakıdan 168 kilometr şimal) yerləşən “Starıy Dvor” restoranında Milli Məclisin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

Toplanan material üzrə Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərini aşma maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Amerikanın Səsinə bildiriblər ki, insident deputat Eldəniz Səlimovun qohumuna məxsus iaşə obyektində gecə saat 12-dən sonra qeydə alınıb.

“Eldəniz Səlimov karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşlarına etiraz edərək münaqişə yaradıb. Bu fakt üzrə toplanmış materiallar araşdırılması üçün Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilib,” Mətbuat Xidmətinin əməkdaşı qeyd edib.

Yerli mənbələrin məlumatına görə, deputat sərxoş olub və Xaçmaz Rayon Polis Şöbəsinin polis əməkdaşı Zaur Mirzəyevə xəsarət yetirib.

Yerli media deputat Eldəniz Səlimov Yeni Azərbaycan Partiyasından (YAP) xaric edilib.

Deputat yaydığı açıqlamada qeyd edir ki, sadəcə, hörmətli həmkarlarını, məsələyə həssas yanaşan şəxsləri çıxılmaz vəziyyətdə qoymamaq, aparılan araşdırmaların gedişatına mane olmamaq və açıqlamalarının təsir, təzyiq kimi qarşılanmaması üçün bu neçə gündə susub.O, habelə vurğulayıb ki, etdiyi hərəkətin yanlış olduğunun fərqində olması da susmağının səbəblərindən biridir :

"Bu səhvimə görə ilk növbədə Möhtərəm Prezident Cənab İlham Əliyevdən, mənə etimad göstərmiş Yeni Azərbaycan Partiyasının təmsilçilərindən, hörmətli həmkarlarımdan, seçicilərimdən və bütövlükdə xalqımızdan üzr istəyirəm. Üstündə dayanmayacağam, lakin deməliyəm ki, bu səhvə gətirib çıxaran çoxlu səbəblər, təhdid və təzyiqlər də olub. İnanmaq istəyirəm ki, istintaq onları da obyektiv araşdıracaq, əməlimlə yanaşı, ona gətirib çıxaran səbəb və səbəbkarlara da obyektiv qiymətini verəcək".

XS
SM
MD
LG