Accessibility links

Azərbaycanda distant təhsilin müddəti ilin sonunadək uzadılır


Nazirlər Kabineti xüsusi karantin rejimi dövründə "Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” qərarına dəyişiklik edib.

Qərarın qüvvədə olma müddəti dekabrın 1-dən dekabrın 30-dək uzadılıb.

Bu qərara əsasən, xüsusi karantin rejimi dövründə Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələrində bu il noyabrın 2-dən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilir.

Bu il dərs ili başlayanda (sentyabrın 15-də) yalnız ibtidai siniflər, həftədə bir neçə gün olmaqla məktəbə gediblər.

Oktyabrın 1-dən IV-IX, 15-dən isə X-XI siniflər məktəbə getməyə başlamışdılar. Sonradan yenidən koronavirusa yoluxma artdığından distant təhsilə keçildi.

please wait

No media source currently available

0:00 0:03:53 0:00

Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin rəhbəri Kamran Əsədov Amerikanın Səsinə müsahibəsində Nazirlər Kabinetinin bu qərarını müsbət faktor kimi dəyərləndirsə də, hal-hazırda situasiyada qiymətləndirmə üçün müəyyən çatışmazlıqların olduğunu bildirib.

“Bu, əslində doğru bir addımdır. Ona görə doğrudur ki, artıq bizim şagird, müəllimlərimiz, tələbələrimiz bu sistemdə təhsil almağa və təhsil verməyə artıq öyrəşiblər. Bizdə olan məlumatlara görə, Bakı, Sumqayıt, Abşeron şəhərlərində şagirdlərin 75 faizi bu formatlı dərslərdən istifadə edə bilirlər. Yeganə burada təhsil alma forması təbii ki, microsoft, zoom proqramları deyil, eləcə də teledərs layihələri var, hər gün həyata keçirilir. Eyni zamanda virtual məktəb layihəsi var ki, hər gün həyata keçirilir. Bunlar müəyyən qədər dərsin axarlığını təmin edə bilir. Əlbəttə, birmənalı şəkildə bu ənənəvi dərsin keyfiyyətini vermir. Amma bütün hallarda bu, təhsil alanların təhsil hüququnu bərpa etməyə imkan verir. Buna digər bir tərəfdən yanaşsaq hal -hazırkı situasiyada qiymətləndirmə üçün burada müəyyən çatışmazlıqlar var. Söhbət ondan ibarətdir ki, hal-hazırda ölkədə bu dərsin məsafədən həyata keçirməsinin qiymətləndirmə meyarları, standartları yoxdur. Yeganə problem burada qiymətləndirmə alətlərinin tətbiqi ilə bağlıdır ki, şagirdlərin, tələbələrin online dərslərdə əldə etdiyi biliklərin ölçülməsi və yoxlanılması həyata keçirilə bilmir. Digər tərəfdən qeyd etdiyim kimi hal-hazırda iri şəhərlərdə 75-80 faiz şagirdlər online platformada dərslərdə iştirak etsə də bölgələrdə bu bir qədər aşağıdır. Əlli faiz, bəzən daha çox aşağıdır. Şagirdlər qoşulsa da, müəllimlər qoşula bilmir. Kütləvi dərslərdə iştirak da bölgələrdə aşağı səviyyədədir. Elə xüsusilə uzaq yox, Bakı və Bakıətrafı kəndlərdə də online platformada dərslərin keçirilmə faizi aşağıdır.”

Təhsil üzrə ekspert onu da qeyd edib ki, 2009-cu ildə "Təhsil haqqında" qanunda təhsil alma formalarından biri kimi bu nəzərdə tutulsa da, 11 il bu istiqamətdə heç bir iş görülməyib:

“Çünki bir zərurət, ehtiyac yox idi. Amma indi pandemiya dövrü bizi məcbur etdi ki, o formalı təhsil almaya keçək. Ona görə də müəyyən təhsilalma üsul və vasitələrin tətbiq edilməsi, təhsilə texnologiyaların, proqram təminatının tətbiq edilməsi baxımından olduqca müsbət bir situasiya kimi də dəyərlədnirmək olar. Hesab edirəm ki, bizim müəllimlərin hələ alətlərdən istifadə eləmək baxımından çətinlik çəkməsi, qiymətləndirmə və qanunvericilik bazasının olmaması o çatışmazlıqlar, qısa zamanda bu məsələlər həll olunduqdan sonra bizim üçün adi bir təhsil alma formasına keçəcək.”

Xatırlatma

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Həmin vaxtdan ölkədə tətbiq edilən karantin rejimi dekabrın 28-dək davam edəcək.

Noyabrın 19-da Nazirlər Kabineti koronavirusa yoluxma hallarının kəskin artmasını nəzərə alaraq karantin rejimini daha da sərtləşdirib.

Nazirlər Kabinetinin qərarına əsasən, dekabrın 28-dək Bakı metropoliteninin fəaliyyəti tam dayandırılıb, məktəblərdə tədris onlayn qaydada həyata keçirilir. Yoluxma riski yüksək olan bir sıra yaşayış məntəqlərinə giriş-çıxış qadağan edilib.

Dekabrın 28-dək ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Həmçinin şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla, digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılıb.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburi hesab olunub. Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilib. 65 yaşdan yuxarı şəxslərin zərurət yaranmadan yaşayış yerlərini tərk etməmələri tövsiyə olunub.

Həmçinin özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara işçilərin say həddinin 30 faizədək azaldılması və digər əməkdaşların məsafədən iş rejiminə keçirilməsi tövsiyə edilib.

XS
SM
MD
LG