Fevralın 4-də bir qrup feminist fəal Bakıda Hökümət Evinin qarşısında qadın qətllərinə etiraz olaraq aksiya keçirməyə cəhd edib. Fəallar əllərində "Qadın qətlləri siyasidir" banner tutublar.
Aksiya iştirakçıların sözlərinə görə, onlar bu addımla son zamanlar baş verən qadın qətllərinə diqqət çəkmək istəyiblər.
Onlar hesab edir ki, ölkədə qadın qətlləri siyasidir.
Fəalların fikrincə, mövcüd qanunvericiliyə dəyişikliklər edilməlidir, məişət zorakılığında günahkar olanlar cəzalandırılmalıdır, həmçinin sırf məişət zorakılığı hadisələrinə qarşı mübarizə aparan polis yaradılmalıdır.
Əraziyə cəlb olunmuş polislər aksiya iştirakçılarının əlindən banneri alıb.
Aksiya iştirakçıları saxlanılmayıb, polislə aralarında insident baş verməyib.
Onların tənqidlərinə, səsləndirdikləri təklifə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və başqa rəsmi qurumlardan hələlik münasibət almaq mümkün olmayıb.
Yerli qadın hüquqları müdafiəçiləri və müşahidəçilər hesab edir ki, Azərbaycanda qadınların tənqidi səsləri eşidilmir. Onlar qeyd edir ki, cəzasızlıq davam etdikcə, insanlar lazimi qaydada cəzanı görməyincə bu qətllər artmaqda davam eləyəcək. Yerli ekspertlər Azərbaycanın İstanbul konvensiyasına qoşulmasını labüd sayır.
Hüquq müdafiəçiləri qeyd edir ki, ölkədə məişət zorakılığı fonunda qadınların qətlə yetirilməsi ilə bağlı rəsmi statistika aparılmır. Bununla yanaşı, müşahidəçilərin qənaətinə görə, il ərzində onlarla qadın məişət zorakılığının qurbanı olur.