Accessibility links

Azərbaycanda koronavirusa qarşı vaksinasiya gələn ilin əvvəlində başlayacaq


Azərbaycanda çoxplatformalı vaksinləmə strategiyası hazırlanıb. Vaksinləmə proqramı gələn ilin əvvəlində başlayacaq.

Bu barədə prezident İlham Əliyev dekabrın 18-də MDB Dövlət Başçıları Şurasının iclasında bildirib.

“Hansı texnologiyalardan istifadə ediləcəyindən asılı olmayaraq, bizim üçün əsas meyar həmin vaksinlərin elmi cəhətdən əsaslandırılmış təhlükəsizliyi olacaq. Vaksinləmə könüllü olacaq və dövlət hesabına həyata keçiriləcək,” o qeyd edib.

Son aylarda Azərbaycanda koronavirusa yoluxma halı bir neşə dəfə artaraq sutka ərzində 4000-dən çox olub. Ölkədə koronavirusdan vəfat edənlərin sayı da atraraq sutkada 30-48 arasında dəyişir.

Rəsmi qurumların məlumatlarına görə, ölkə xəstəxanalarında həddən çox infeksiya daşıyıcısı müalicə alır. Minlərlə insan isə evində özünü karantinə alıb.

Bununla yanaşı, müşahidəçilər hesab edir ki, infeksiyaya yoluxanların sayı rəsmi statistikadan dəfələrlə çoxdur. Belə ki, karantin qaydalarını pozanlar cinayət məsuliyyətinə alındığı üçün bir çox insan tibb müəssisələrində qeydiyyatdan keçmədən koronavirus daşıyıcısıdır. Daha çox istifadə olunan vitaminlər və dərman preparatları apteklərədə tapılmır və qara bazar formalaşıb.

Bu arada, Bakı meriyası bildirir ki, dekabrın 19-da koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində paytaxtın küçələrində genişmiqyaslı dezinfeksiya işləri aparılacaq. Dezinfeksiya işləri şəhərin əsas küçələrində, həmçinin paytaxtın qəsəbələrində keçiriləcək. Ümumilikdə 500 küçədə dezinfeksiya işlərinin aparılması nəzərdə tutulur.

Ölkədə kütləvi tədbirlərin keçirlməsi də qadağan edilib. Azərbaycan Daxili İşlər Nazirliynin Mətbuat xidməti bildirir ki, Azərbaycan ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə ictimai iaşə obyektləri, o cümlədən restoran, kafe və çay evləri yalnız çatdırılma xidmətinin göstərilməsi və ya onlayn satış əsasında fəaliyyət göstərə bilərlər.

"Son günlər ictimai iaşə obyektlərində, o cümlədən restoran və əyləncə mərkəzlərində 31 dekabr - Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il bayramı ilə əlaqədar şənliklərin təşkili və keçirilməsi ilə bağlı elanlar verilir. Diqqətə çatdırırıq ki, COVID-19 infeksiyasının daha geniş yayılmasının qarşısının alınması məqsədilə kütləvi şənliklərin, konsert proqramlarının təşkili və keçirilməsi yolverilməzdir. Vətəndaşlarımızı belə kütləvi tədbirlərə iştirakla bağlı hər hansı elana və dəvətlərə inanmamağa, xüsusi karantin rejimi qaydalarına əməl etməyə çağırırıq. Tətbiq edilən xüsusi karantin rejimi dövründə kütləvi tədbirlərin, şənliklərin, konsert proqramlarının təşkili və keçirilməsinə cəhdlərin qarşısı tərəfimizdən qətiyyətlə alınacaq, heç bir kütləvi tədbirin keçirilməsinə imkan verilməyəcəkdir. Hər hansı belə fakt aşkarlanacağı təqdirdə təşkilatçılar və iştirakçılar qanunvericiliyə uyğun olaraq, məsuliyyətə cəlb olunacaqlar," Daxili İşlər Nazirliyi bildirir.

Azərbaycanda koronavirusa ilk yoluxma bu il fevralın 28-də qeydə alınıb. 2021-ci il yanvarın 18-dək ölkədə sərtləşdirilmiş karantin rejimi elan edilib, insanlar evlərini sms-icazəsi ilə gündə bir dəfə olmaq şərti ilə 3 saat müddətinə tərk edə bilir.

XS
SM
MD
LG