Accessibility links

Azərbaycanda həkimlər koronaviruslu xəstələrdən rüşvət alma ittihamı ilə həbs edilib


Azərbaycan Baş Prokurorluğu klinika rəhbərlərinin koronavirus xəstələrindən rüşvət alması ilə bağlı məlumatlar yayıb. Məlumatda xəstəxanaların vəzifəli şəxslərinin həbs edildiyi bildirilir.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, Bakıda “Yeni klinika”nın direktoru Pərviz Abbasov rüşvət almaq ittihamı ilə həbs edilib.

Məlumatda deyilir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olan məlumat əsasında əməliyyat-istintaq tədbirləri həyata keçirilib.

Açıqlamaya görə, ayrı-ayrı koronavirus xəstələrinin "Yeni klinika" tibb müəssisəsində stasionar müalicəsi məqsədilə onların yaxınlarından hər xəstənin yerləşdirilməsi üçün 3000-3500 manat pul alınmasına əsaslı şübhələr yaranıb.

"Cinayət işi üzrə toplanmış sübutlarla Pərviz Abbasova Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham elan olunub, barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib."

Habelə, bildirildiyinə görə, Pərviz Abbasova köməklik etmələrinə əsaslı şübhələr müəyyən olunub bəzi şəxslərə də həmin məcəllənin 32.5, 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət almada köməkçilik) və digər maddələri ilə ittiham verilib, onlar da tutulub.

"Yeni klinika" ötən il martın 28-də istifadəyə verilib.

Prokurorluğun digər məlumatına görə, Bakının Zığ qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin Modul Tipli Xəstəxanasının baş həkimi İmran Ağayev də saxlanılıb.

Məlumata görə, baş həkimdən başqa həmin müəssisənin qeydiyyatçıları (Taleh İmanlı, Qulu Orucov) da saxlanıb.

Bildirilir ki, koronavirus xəstələrinin həmin tibb müəssisəsində yerləşdirilməsi, eləcə də, müalicə alan xəstələrin daha yüksək səviyyəli tibbi və sair təminatla təchiz edilmələri əvəzində müxtəlif məbləğlərdə pul vəsaitinin rüşvət qismində yığılaraq sonradan bölünməsinə əsaslı şübhələr yaranıb:

"İmran Ağayev və Taleh İmanlıya Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə, barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Qulu Orucov isə eyni qanunsuz əməllərin törədilməsinə görə şübhəli şəxs qismində tutulub".

Rəsmi açıqlamada yer alan ittihamlarla bağlı tutulan şəxslərin ailə üzvlərindən və onların vəkillərindən münasibət almaq mümkün olmayıb.

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalı ötən il avqustun 31-də istifadəyə verilib.

XS
SM
MD
LG