Milli Məclisin dekabrın 11-də keçirilən plenar iclasında "Hərbi vəziyyətin ləğv edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanının təsdiq edilməsi barədə məsələ müzakirə olunub.
Sənədə əsasən, Azərbaycanda 2020-ci il dekabrın 12-si saat 00:00-dan hərbi vəziyyət ləğv edilir. Bu məsələ müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
Azərbaycanda hərbi vəziyyət bu il sentyabrın 28-də İkinci Qarabağ müharibəsinin başlanması ilə bağlı bütün ölkə ərazisində elan edilmişdi. Hərbi vəziyyət çərçivəsində axşam saat 9-dan səhər saat 6:00-a kimi komendant saatı tətbiq olunmuşdu.
Milli Məclisin 11 dekabrda keçirilən iclasında Əmək Məcəlləsinə Azərbaycanda hər il sentyabrın 27-i Anım Günü olacağı haqda qərar qəbul edilib.
Dəyişikliyə görə, hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olanların xatirəsini yad etmə günü - Azərbaycan Respublikasında Anım Günü olacaq.
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 2-də "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncam imzalamışdı.
Milli Məclis məcəllədə etdiyi daha bir dəyişikliyə əsasən, hər il noyabrın 8-i Zəfər Günü iş günü hesab olunmayan bayram günlərinə aid ediləcək.
Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında sentyabrın 27-də hərbi əməliyyatlar başlayıb. Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində üç yüzdən çox yaşayış məntəqəsini, o cümlədən 5 rayonu, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra üçtərəfli bəyanat imzalanıb.
Razılışmaya əsasən Ermənistan noyabrın 25-dək Kəlbəcər rayonunu, noyabrın 20-dək Ağdam rayonu və Qazax rayonunun ərazisindəki kəndləri, dekabrın 1-dək isə Laçın rayonunu qaytarmaq öhdəliyi götürüb. Artıq Ağdam və Kəlbəcər rayonları Azərbaycanın nəzarətinə qaytarılıb. Çərşənbə axşamı isə Laçın rayonu qaytarılıb.
Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilib.
Tərəflər razılığa gəlib ki, münaqişə tərəfləri tərəfindən razılaşmaların həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaq üçün atəşkəsə nəzarət etmək üçün Türkiyə və Rusiya hərbçilərindən ibarət Sülhməramlı Mərkəz yaradılsın. Bu məqsədlə noyabrın 11-də Rusiya ilə Türkiyə arasında müqavilə imzalanıb. Ankaraya səfər edən Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti və Türkiyə Milli Müdafiə Nazirliyi noyabrın 13-14-də Türkiyə-Rusiya Monitorinq Mərkəzinin təşkili məsələlərini müzakirə edib.
Türkiyə Böyük Millət Məclisi bu ölkənin Silahlı Qüvvələrinin Azərbaycanda Birgə Monitorinq Mərkəzi qurulmasında iştirakına icazə verib.