Accessibility links

Azərbaycanda insanlar yaşayış yerini yalnız icazə ilə tərk edə biləcək


Baş Nazir Əli Əsədovun aprelin 2-də imzaladığı koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında sərəncama görə, insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət aprelin 20-dək dayandırılıb.

Sənəddə deyilir ki, əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədi ilə Prezident Administrasiyasının, Nazirlər Kabineti Aparatının, Milli Məclisin deputatları və Aparatının əməkdaşlarının, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin və onların müavinlərinin, ombusman və qurumun aparatının əməkdaşlarının, dövlət əhəmiyyətli həyat təminatlı obyektlərin rəhbərlərinin, onların müavinlərinin, səhiyyə obyektlərinin əməkdaşlarının, hüquq-mühafizə, məhkəmə və hərbi xidmət orqanlarının əməkdaşlarının, vəkillərin, KİV əməkdaşlarının, Azərbaycanda akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşlarının yerli xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə yol verilir.

Sənədə görə, bütün digər şəxslərin yaşayış yerini tərk etmələrinə aşağıdakı hallarda yol verilir:

- Təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar;

- Ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar;

- Yaxın qohumunun dəfnində iştirakla əlaqədar.

Bütün digər şəxslər yaşayış yerini tərk etməsi üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidir. SMS məlumatın mətnində aşağıdakı 3 indeksdən biri və şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməlidir.

- 1 rəqəmi təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir);

- 2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə 2 saat müddətinə gündə 1 dəfə verilir);

- 3 rəqəmi - yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini tərk etmək üçündür.

Şəxsiyyəti təsdiq edən məlumatlar aşağıdakılardır:

- Azərbaycan vətəndaşları üçün – şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi;

- Azərbaycanda müvəqqəti və ya daimi yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün – Azərbaycanın ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin seriyası və nömrəsi;

- Azərbaycan ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün – müvəqqəti olma müddətinin uzadılması barədə qərarın seriyası və nömrəsi;

Elektron Hökumət informasiya sistemindən gələn cavab SMS məlumatında icazənin qüvvədə olduğu müddət göstərilir. Şəxs yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər.

Nazirlər Kabineti bildirir ki, hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulması halları xüsusi karantin rejiminin pozulması kimi qiymətləndirilməklə, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaq.

"Eyni zamanda, “icaze.e-gov.az” portalı vasitəsilə icazənin alınması üçün yanlış məlumatın daxil edilməsi və yaşayış yerini tərk etmək üçün SMS sistemi vasitəsilə icazə alınması prosedurundan sui-istifadə halları daim araşdırılacaq, belə hallara yol verən hüquqi və fiziki şəxslər barəsində ciddi məsuliyyət tədbirləri görüləcək," məlumatda deyilir.

XS
SM
MD
LG