Accessibility links

Azərbaycanda ictimai nəqliyyat 2 gün işləməyəcək


Bakıda ictimai nəqliyyat
Bakıda ictimai nəqliyyat

Azərbaycanda xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar iyulun 11-dən sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq edildiyi şəhər və rayonlarda bütün ictimai nəqliyyatın hərəkəti qadağan edilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz, Goranboy və Göygöl rayonlarının ərazisində həftəsonları bütün ictimai nəqliyyatın fəaliyyəti qadağan edilir.

Bu qadağa 13 iyul saat 06:00-dək qeyd olunan ərazilərdə qüvvədə olacaq.

İlk belə məhdudiyyət ötən həftəsonu - 4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək tətbiq edilib. Növbəti məhdudiyyət isə gələn həftəsonu - 18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək nəzərdə tutulur.

Azərbaycanda karantin rejimi yumşaldıldıqdan sonra infeksiyaya yoluxma halı bir neçə dəfə artıb.

Bu səbəbdən xüsusi karantin rejimi və dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət iyulun 1-dək, sonra isə avqustun 1-dək uzadılıb.

Operativ Qərargah iyunun 14-dən 16-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq edib.

Daha sonra, iyunun 21-dən iyulun 5-dək sərtləşdirilmiş karantin rejimi tətbiq edilib, SMS-icazə sisteminə keçilib.

Qərara görə, sözü gedən yerlərdə nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla iri ticarət mərkəzlərinin fəaliyyəti dayandırılıb. Həmçinin ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər göstərilmir, muzey, sərgi zalları, bərbərxanalar, gözəllik salonları bağlanıb. Habelə təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla), açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi də dayandırılıb.

Amma dövlət qurumlarının, Azərbaycanda akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və bir sıra mühüm xidmət sahələrinin fəaliyyətinə icazə verilib.

Əhalinin qalan qrupları yenə küçəyə çıxarkən bir müddət öncə olduğu kimi SMS-lə icazə alır. SMS-lə icazə əvvəlki qaydaya nisbətən bu dəfə bir qədər genişləndirilib. Bura ərzaq almaq, tibbi zərurət, yaxınların dəfnində iştirakla və başqa hallarla yanaşı, açıq havada vaxtın keçirilməsi də daxildir. SMS-icazə ilə insanlar evlərini yalnız iki saat müddətinə tərk edə bilər.

İyunun 25-də baş nazir Əli Əsədov karantin dövründə iş yerində işləməyə icazə verilən işçilərin sayının azaldılması barədə qərar imzalayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın yeni məlumatına görə, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi iyulun 5-dən iyulun 20-dək uzadılıb.

Bundan əlavə, 2020-ci il iyulun 4-dən iyulun 20-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılıb.

Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda iyulun 20-dək şənbə və bazar günləri bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Virusa yoluxma dinamikasının azaldıması istiqamətindəki tədbirlər çərçivəsində bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG