Accessibility links

Azərbaycanda iki nəfər minaya düşüb


Noyabrın 14-də Azərbaycan vətəndaşları Yasin Əhmədov və onun qardaşı Asif Əhmədov Füzuli rayonunun azad olunan ərazisində minaya düşüb, nəticədə Yasin Əhmədov həlak olub, Asif Əhmədov isə ağır dərəcəli bədən xəsarəti alıb.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik bildirir ki, Mina Təsirinin Tədqiqatı nəticələrinə görə Azərbaycanda 736 milyon kvadrat metr ərazinin mina və patlamamış hərbi sursatla (PHS) “yüksək” səviyyədə çirkləndiyi müəyyən olunub. Bu ərazilərin hamısı atəşkəs xətti boyunca yerləşən müharibə təsirinə məruz qalan və Ermənistanla sərhəd rayonlarda yerləşir. Mina ilə çirklənmənin ən yüksək səviyyəsi Füzuli, Ağdam və Tərtər rayonlarında qeydə alınıb.

“Ermənistan silahlı qüvvələırinin nəzarətində olmuş Dağlıq Qarabağda, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər rayonlarında, Füzuli, Tərtər, Ağdam rayonlarının bir hissəsində mina/PHS-lə yüksək çirklənmə səviyyəsi 350 milyon kvadrat metrdən 830 milyon kvadrat metrdək müəyyən edilib. Bu ərazilərdə 50 000-dən 100 000-dək mina yerləşdirildiyi güman olunur,” agentlik bildirir.

Qeyri-rəsmi məlumatlara görə, atəşkəs başlayandan (1994-cü ilin may ayı) indiyədək mina partlamasından 500-dən çox insan həlak olub, mindən çox insan yaralanıb ki, onların 30 faizi hərbi qulluqçuların, 70 faizi mülki vətəndaşların payına düşür.

XS
SM
MD
LG