Accessibility links

Azərbaycanda internet


AzadlıqRadiosu Azərbycanda İnternetin keyfiyyəti barədə Bakı sakinlərinin fikirlərini öyrənib

Azərbaycanda əhalinin 80 faizi internet istifadəçisidir. Bu məlumatı prezident İlham Əliyev bir neçə ay əvvəl Davos forumunda səsləndirib. Bəs 80 faizin istifadə etdiyi internet keyfiyyətlidirmi, onun sürəti istifadəçiləri qane edirmi?

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Aztelekom” MMC hələ iki il əvvəl bildirib ki, keyfiyyətin artırılması üzərində planlı şəkildə işləyir.

İnternet istifadəçiləri özləri bu haqda nə düşünürlər?

Bakıda yaşayan gənc fəal Bəxtiyar Hacıyev bildirir ki, evində və ofisində sürətli internet üçün ayda 60 manat ödəyir. Həm də əlavə edir ki, bu məbləğ çox bahadır. Tələbənin, müəllimin, həkimin cibinə uyğun deyil.

“Həmin sürəti Amerikada, Avropa ölkələrində tələbə təqaüdünün cüzi hissəsini ödəməklə alırsa, Azərbaycandasa dəfələrlə baha qiymətə başa gəlir. Sadəcə internetin sürəti məsələsi deyil. Bahalı olsa da bəzi şirkətlərdən sürətli internet əldə etmək mümkündür. Sadəcə qiymət çox bahadır. Bahalığın, xidmət keyfiyyətinin aşağı olmasına səbəb monopoliyadır. Bəzən internetin sürətində, bağlantıda problem yaranır və saatlarca problemin həlliylə bağlı məlumat almaq olmur”.

Qeyri-hökumət təşkilatı olan Azərbaycan İnternet Forumunun üzvü Vahid Qasımov isə bu fikirdədir ki, paytaxtın mərkəzi hissəsində belə sürətli internet hər zaman ələçatımlı deyil. O Azərbaycanın bu baxımdan dünyadan geri qaldığı qənaətindədir. Vahid Qasımov deyir ki, istər mobil internet, istərsə də kabel internet keyfiyyət baxımdan aşağıdır, bağlantı bəzən çətinliklə yaranır, bunun müqabilində isə qiymətlər bahadır. O da Bəxtiyar Hacıyev kimi bunu inhisarçılıqla izah edir.

Vahid Qasımov hesab edir ki, rabitə kimi xidmətlər nazirliyin əlində olduqda keyfiyyət gözləmək mümkün deyil. O bır sıra dövlət qurumlarının bu bazarda inhisarçı olmasına diqqət çəkir. Üstəlik də əlavə edir ki, heç bir dövlətdə kommunikasiya və ya texnologiya dövlətin əlində olmur.

“Monopoliya dövlətin əlindədirsə, gərək biz inkişafdan danışmayaq. Bizdə “Azərtelekom”, “Delta” telelkom, “Bakinternet”, ATS-lərin 90 faizdən çoxu, yəni bütün infrastruktur dövlətin əlindədirsə, aydındır ki, burda milyon məsələ ortaya çıxacaq”.

Azərbaycanda internetin sürəti və keyfiyyəti barədə təhlilə davam edək.

Bizimlə söhbətdə müstəqil ekspertlərin əksəriyyəti və bir çox Bakı sakini ölkədə internetin baha olduğunu, verdikləri pula görə internetə normal bağlantı əldə edə bilmədiklərini söyləyirlər. Bəs, cavabdeh qurumlar nə deyirlər?

Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb. Azərbaycanda ən böyük internet xidməti təchizatçılarından olan “Delta” telekomdan AzadlıqRadiosuna bildiriblər ki, tənqidlər əsassızdır. Qurumdan bildiirlib ki, hər zaman internetin keyfiyyətinə və xidmətinə tam cavabdehdirlər. “Biz interneti fiziki və hüquqi şəxslərə satırıq. Qiymət siyasəti onlara aiddir. İnternetin keyfiyyəti də onu yayan provayderlərin xidmətindən asılıdır” deyə şirkətdən adını çəkmək istəməyən təmsilçi bildirib.

XS
SM
MD
LG