Accessibility links

`Karantin rejiminin tədricən yumşaldılması üçün tədbirlər planı hazırlanır`


Aprelin 15-də Azərbaycanda 56 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 53 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Azərbaycanda 2-ci dəfə koronavirus (COVID-19) infeksiyasından sağalanların sayının yoluxanlardan çox olduğu bildirilib.

Aprelin 12-də Operativ Qərargahın məlumatında son sutka ərzində bu virusa 40 yeni yoluxma faktının qeydə alındığı, 50 nəfərin də sağaldığı bildirilirdi.

Məlumatda deyilib ki, hazırkı dövrədək Azərbaycanda 1253 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 404 nəfəri müalicə olunaraq sağalıb, 13 nəfər vəfat edib, 836 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 27 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar Azərbaycanda 75 min 397 test aparılıb.

Bununla yanaşı Nazirlər Kabineti yanında Operativ qərargahın mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildiribki, karantin rejiminin uzadılması ilə bağlı müraciət hazırlanır.

Onun sözlərinə görə, karantin rejiminin tədricən yumşaldılması üçün tədbirlər planı da hazırlanır:

"Amma gedişatdan asılı olaraq, karantin rejiminin uzadılması ilə bağlı da müraciət edilməsi gözləniləndir."

Bayramlı hesab edir ki, karantin rejiminə əməl edilməməsi ikinci dalğanı yarada bilər.

“Araşdırmaların nəticələri göstərir ki, karantin tədbirlərində laqeydliyə yol verilməməlidir. Bu müddət ərzində zəruri bütün addımlar atılıb, ancaq heç kim arxayınlaşmamalıdır. 20 apreldən nəzarət altında karantin rejimindən tədricən çıxmaqla bağlı müraciət edəcəyik. Bununla bağlı xüsusi qaydalar hazırlanaraq ictimaiyyətə açıqlanacaq."

Martın 14-dən Azərbaycanda bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər dayandırılıb. Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib.

65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına qadağa tətbiq edilib. Martın 31-dən aprelin 20-nə kimi paytaxt Bakıda metroda fəaliyyət dayandırılıb.

Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.

Verilən məlumata görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər.

XS
SM
MD
LG