Accessibility links

Azərbaycanda karantin rejimi dekabrın 1-dək uzadılıb


Karantin
Karantin

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə Azərbaycan Nazirlər Kabinetinin qərarına əsasən ölkə ərazisində xüsusi karantin rejiminin müddəti dekabrın 1-dək uzadılıb.

Bu barədə Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumatda deyilir ki, ölkə ərazisində mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən, son günlər Lənkəran şəhərində, Cəlilabad və Masallı rayonlarında yüksək yoluxma faktları aşkar olunub. Bu səbəbdən oktyabrın 29-dan etibarən Lənkəran şəhəri, Cəlilabad və Masallı rayonlarına operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, eləcə də yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla giriş-çıxış dayandırılır.

Həmçinin Bakı, Sumqayıt, Gəncə, Yevlax, Mingəçevir, Şəki, Şirvan, Lənkəran şəhərlərində və Abşeron, Göygöl, Samux, Sabirabad, Quba, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala, Cəlilabad, Masallı rayonlarda həftəsonları ictimai nəqliyyatın hərəkəti dayandırılır.

“Bir daha vətəndaşlarımızı COVID-19 virusu ilə mübarizədə mövcud karantin tələblərinə ciddi riayət etməyə, tibbi maskalardan və digər zəruri tibbi-profilaktik vasitələrdən istifadə etməyə, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa çağırırıq,” Operativ Qərargah bildirir.

Son günlər ölkədə COVİD-19-a yoluxanların və ölüm hallarının sayında antirekord qeydə alınır.

Oktyabrın 28-də koronavirusa yoluxanların sayı 988-ə, ölənlərin sayı 11-ə çatıb. Bu yoluxma dövründə ən yüksək rəqəmlərdir.

Nazirlər Kabineti yoluxma hallarının artmasını nəzərə alaraq karantin rejimini sərtləşdirib. Belə ki, Bakı, Sumqayıt, Gəncə şəhərləri, Abşeron rayonu və bir sıra digər şəhər və rayonlarda həftə sonları ictimai nəqliyyatın hərəkəti qadağan edilib. Ölkə üzrə orta ümumtəhsil məktəblərində tətil elan edilib. Bakı metrosunun fəaliyyəti dayandırılıb. Son günlər bir sıra şəhər və kəndlərə giriş-çıxış qadağan edilib.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Həmin vaxtdan ölkədə karantin rejimi tətbiq edilib və dekabrın 1-dək davam edəcək.

XS
SM
MD
LG