Accessibility links

Azərbaycanda karantin rejimi sərtləşdirilib


Azərbaycan Nazirlər Kabineti xüsusi karantin rejimi çərçivəsində yeni məhdudiyyətlər tətbiq edilməsi barədə qərar qəbul edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir ki, məhdudiyyətlərin tətbiq edilməsi son günlər bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında kəskin artıması ilə bağlıdır.

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən aşağıdakı məhdudiyyətlər tətbiq edilir:

- 2020-ci il oktyabrın 19-dan noyabrın 2-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır;

- 2020-ci iloktyabrın 19-dan noyabrın 2-dək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunur.

Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, dövlət qurumlarında çalışan işçilərin say həddi 30 faizədək azaldılaraq digər əməkdaşlar məsafədən iş rejiminə keçirilir. Özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara eyni qaydanın tətbiq edilməsi tövsiyə olunur.

Yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin ən zəruri hallarda yaşayış yerlərini tərk etmələri tövsiyə edilir.

Qərargah vətəndaşları COVID-19 ilə bağlı hazırkı vəziyyətdə şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara ciddi əməl etməyə, qoruyucu maskalardan istifadə etməyə, evdən yalnız zəruri ehtiyac yarandıqda çıxmağa, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud karantin şərtlərinə əməl etməyə çağırır.

“Onu da qeyd edək ki, Milli Ordumuzun Ermənistanın təcavüzünə qarşı uğurlu əks-hücum əməliyyatları apardığı zamanda hər birimiz virusun geniş yayılmaması üçün müvafiq qaydalara riayət etməklə dövlətimizə, ordumuza dəstək vermiş olarıq,” Operativ Qərargah bildirir.

Son günlərdə ölkədə koronavirus infeksiyasına yoluxanların sayı bir neçə dəfə artıb, oktyabrın 15-də 530 yeni yoluxma faktı qeydə alınıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Həmin vaxtdan ölkədə karantin rejimi tətbiq edilib və noyabrın 2-dək davam edəcək.

Son günlər bir sıra şəhər və kəndlərə giriş-çıxış qadağan edilib.

XS
SM
MD
LG