Accessibility links

Azərbaycanda karantin rejimi iyunun 15-dək uzadılıb


Koronavirus
Koronavirus

Mayın 29-da Azərbaycanda 230 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 103 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Gün ərzində infeksiyaya yoluxanların sayında 39 nəfər artım olub. Dünən yoluxanların sayı 191 idi.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1948 və 1950-ci il təvəllüdlü iki nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 4 989 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 125 nəfər müalicə olunaraq sağalıb, 58 nəfər vəfat edib, 1 806 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 50 nəfərin vəziyyəti ağır, 67 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 289 603 test aparılıb.

Nazirlər Kabinetinin bu günki qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti iyunun 15-dək uzadılıb.

Eyni zamanda mayın 31-dən xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan qaldırılmasına qərar verilib:

- Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması ləğv olunub;

- Ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”ların fəaliyyəti bərpa olunub (nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyəti istisna olmaqla);

- Açıq havada keçirilən idman yarışlarının tamaşaçıların iştirakı olmadan təşkilinə icazə verilib;

- Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 22:00-dək həyata keçiriləcək (ölkə üzrə bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklər, məclislərin təşkili istisna olmaqla);

Xatırladaq ki, karantin qaydalarının pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır.

“Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq müəyyən edilmiş yerlərdə qoruyucu vasitələrdən istifadə və sosial məsafənin gözlənilməsi mütləqdir. Bu qaydaları gözləməyənlər qanunvericiliyə uyğun olaraq cəzalandırlacaq,” Nazirlər Kabineti bildirir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bu gün keçirilən brifinqdə bildirib ki, ilk dəfə ölkədə koronavirusa 200-ün üzərində yoluxma faktı aşkar olunub.

“Hazırda 79 nəfər reanimasiya şöbəsində müalicə alır. Onlardan 21 nəfəri süni nəfəs aparatına qoşulub."

Bayramlı qeyd edib ki, ötən həftə 848 nəfər virusa yoluxub.

"Bu həftə üçün bu rəqəm 867 təşkil edir. Nəzərə alsaq ki, həftə tam başa çatmayıb."

Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib ki, karantin rejiminin tələblərinə nəzarət ciddi olacaq.

“Belə ki, qoruyucu tibbi maskaların istifadəsi məcburi və mütləq olacaq. Bununla bağlı müvafiq qərar imzalanıb. Qaydalara əməl etməyənlər cərimələnəcək. Sərbəstlik artdıqca məsuliyyət artacaq. Cəzalar artacaq və sərtləşəcək. Cərimənin miqdarı hələ dəqiqləşməyib. Məsələ ilə bağlı sənəd parlamentə təqdim olunacaq. Cərimələrdən qaçmaq mümkün olmayacaq."

Hökumət rəsmisi qeyd edib ki, hansı rayonda yoluxma artsa, həmin bölgənin qapadılması və orada daha güclü karantin rejiminin tətbiqi mümkündür.

TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, şənbə və bazar günləri sərt tədbirlərin həyata keçirilməsi gündəmdədir.

“Yaxın günlərdə yoluxma sayı artarsa, respublika üzrə qısamüddətli qadağa tətbiq edilə bilər,” o qeyd edib.

Bayramlı qeyd edib ki, sağalan şəxslərdən qan alınması müalicəsinə başlanılıb.

"Bu üsul daha effektiv nəticə verib. Çox ağır və dərman müalicəsinə tabe olmayan şəxslərin həyata qayıtmasının şahidi olduq. Sağalan vətəndaşları yenidən qan verməyə dəvət edirik."

Onun sözlərinə görə, hazırda ölkədə koronaviruslu xəstələrin müalicəsi üçün 5 000-dən çox çarpayı ayrılıb.

"2 000 çarpayı isə modul tipli xəstəxanada olacaq. Gələn həftədən ora xəstə yerləşdirilməsinə başlanılacaq. Ümumilikdə isə çarpayı sayı 7 000-dən artıq olacaq. Bu günkü xəstə sayına baxsaq, xəstəxanaların dolma faizi yüksəkdir."

O deyib ki, hazırda xaricdən gələn 800-ə yaxın şəxs karantindədir.

XS
SM
MD
LG