Accessibility links

Azərbaycanda karantin rejimini pozanlara qarşı tədbirlər görüləcək


Koronovirus
Koronovirus

Karantin normalarını pozan, tibbi heyətin normal iş rejiminə mane olan hər bir şəxsə qarşı qanunun tələblərinə uyğun şəkildə tədbirlər görüləcək. Eyni zamanda vətəndaşlara virusdan qorunmaq üzrə gigiyena təlimatlarına riayət etməyi, insanların kütləvi toplaşdığı məkanlarda olmamağı, ciddi zərurət yaranmadığı halda xarici ölkələrə səfərlərini müvəqqəti ertələməyi tövsiyə edirik.

Bu barədə Nazirlər Kabineti yanında opreativ qərargahın məlumatında deyilir.

Operativ qərargah bildirir ki, Azərbaycan ərazisinə keçən şəxslər, həmçinin ölkə ərazisindəki vətəndaşlarda visurun əlamətləri aşkarlandıqda təlimata uyğun olaraq karantinə götürülərək müvafiq xəstəxanalara yerləşdirilir, həmin müddətdə müəyyən testlər və müalicə aparılır.

“Təəssüflə bildiririk ki, koronavirus xəstəliyinin əlamətləri olan şəxslər bəzi hallarda həkim briqadalarına qarşı zor tətbiq edir, çağırışa gələn təcili tibbi yardım heyətinə qarşı müvaqimət göstərərək həkim nəzarətinə götürülməkdən yayınmağa çalışır. Bununla əlaqədar əhaliyə müraciət edərək bildiririk ki, virusun əlaməti aşkarlanan şəxsin həkim nəzarətinə götürülməsi onun müalicəsinin aparılması zərurəti ilə yanaşı, ailə üzvlərinin, ətrafdakı şəxslərin virusa yoluxmaması baxımından vacibdir. Bununla həmin şəxs özü və yaxınlarının səhhətinin qeydinə qalmış, həmçinin virusun ölkə ərazisində yayılmasının qarşısını almış olacaq,” məlumatda qeyd edilir.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müəssisələrində də koronavirus təhlükəsi ilə əlaqədar məhkumlarla görüş və sovqat qəbulu dayandırılıb.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Amerikanın Səsinə bildirib ki, Penitensiar Xidmətin müəssisələrində sanitar-epidemioloji, profilaktik və izahedici tədbirlər həyata keçirilir.

“Bununla əlaqədar olaraq Penitensiar Xidmətin müəssisələrində saxlanılan şəxslərə görüş verilməsi və sovqat qəbulu dayandırılıb.”

Hazırda Azərbaycanda 6 nəfərdə koronovirus aşkar edilib. Təxminin beş yüzdən çox insan karantinə alınıb. Onların əksəriyyəti İrandan Azərbaycana gələnlər və həmin şxslərlə təmasda olanlardır.

XS
SM
MD
LG