Accessibility links

Bələdiyyə seçkilərində səsvermə zamanı qanun pozuntularının olduğu bildirilir


Azərbaycanda keçirilən bələdiyyə seçkilərində şikayətlərin olduğu deyilir

Dekabrın 23-də Azərbaycanda keçirilən bələdiyyə seçkilərində saat 12:00-dək olan seçici fəallığı açıqlanıb.

MSK-nın məlumatına görə, 118 seçki dairəsi üzrə 5049 seçki məntəqəsində saat 12:00-a kimi fəallıq 18.07 faiz təşkil edib.

MSK bildirib ki, səsvermə hüququna malik 4972356 seçicidən həmin saatadək 898542 nəfər səsvermədə iştirak edib.

***

Dekabrın 23-də Azərbaycanda keçirilən bələdiyyə seçkilərində saat 10:00-dək seçici iştirakına dair rəqəm açıqlanıb.

Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən bildiriblər.

MSK-nin məlumatına görə, seçici fəallığı həmin saatadək 8.51 faiz olub. Səsvermə hüququna malik 4972356 seçicidən həmin vaxta kimi 423361 nəfər səsvermədə iştirak edib.

Dekabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyev də bələdiyyə seçkilərində səs verib.

Dekabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyev də bələdiyyə seçkilərində səs verib
Dekabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyev də bələdiyyə seçkilərində səs verib

Rəsmi məlumatlara görə, prezident və onun ailə üzvləri səs vermək üçün Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsinə gəlib. Onlar həmin məntəqədə səs veriblər.

Öz növbəsində, 24 saylı Nizami Seçki dairəsində vətəndaşların təkrar səsverməyə buraxıldığı bildirilir.

Müstəqil müşahidəçi İlkin Rüstəmzadə Amerikanın Səsinə bildirib ki, "karusel" (bir şəxsin bir neçə məntəqədə səs verməsi) olduğunu müşahidə edib.

"Mən 220 saylı məktəbdə 1, 2, 3, 4 saylı məntəqədə müşahidəçiyəm. Karusel baş verdi. Sol barmağa ultra bənövşəyi şüa vurulmalıdır, sağ barmağa vururdular. Neçə dəfə səs verirdilər. Sonra kimsə DSK-ya şikayət elədi. Çəkilişə icazə verilmədi," o bildirib.

"24 saylı dairənin 1-ci seçki məntəqəsinin sədri Əzimova Lətifə bizə qarşı diskriminativ hərəkətlər etdi. Televiziya işçiləri gələnə qədər çox kobud rəftar etdi. Oturub aktları yazmaq üçün stol xahiş etdikdə, çox kobud cavabla mümkün olmadığını bildirdi. Müşahidəçilərin ayağ üstə durmasına icazə olmadığını bildirdi. Çəkilişə icazə olmadığını bildirdi. Topa bülleten atılmasına yol verirdi. Sol barmağa sprey vurulmalı olduğu halda, hamıya hər barmağa vurub 2-dən artıq səs verməyə yol açırdı," Türkan Rüstəmzadə Facebook səhifəsində qeyd edib.

Bələdiyyə üzvlüyünə namizəd Rəbiyyə Məmmədova 10 saylı Binəqədi üçüncü seçki dairəsinin 7 saylı məntəqəsində qutuya topa bülletenlər atıldığını deyib.

Onun sözləinə görə, məntəqədə süni şəkildə aktivlik yaradılır.

“Qanun pozuntuları var. Öz gözlərimlə də görmüşəm. 7 saylı seçki məntəqədə qutuya topa bülleten atıblar. Məntəqədən məntəqəyə karusel təşkil edilib. Bunların da sübutu var. Müəllimələr valideynləri cəmləşdirib. Hətta valideynlərin nənələrinə, babalarına belə xəbər verirlər ki, gəlsinlər seçkidə iştirak etsinlər. Yəni karusel təşkil edirlər. Bir neçə video var ki, bir nəfər bir neçə yerdə səs verir. Qanun pozuntuları çoxdur. Biz də mübarizə aparırıq,” o, Amerikanın Səsinə deyib.

Rəbiyyə Məmmədova: Qutuya topa bülletenlər atırlar
please wait

No media source currently available

0:00 0:02:15 0:00

10 saylı Binəqədi üçüncü seçki dairəsindən namizədin dediklərıni təkzib ediblər.

“Onun dedikləri yalandır. Bülletenin özü o qədər böyükdür ki, onu qatlayanda güclə qutuya girir. Belə olan halda topa bülleteni necə atmaq olar? Karusel ilə bağlı məlumat da həqiqətə uyğun deyil. Ola bilsin, məntəqəyə bir neçə nəfər bir yerdə girir, amma bu, heç bir halda karusel deyil,” seçki dairəsindən bildiriblər.

Bəxtiyar Abdullayev 10 saylı Binəqədi üçüncü seçki dairəsinin 6 saylı məntəqəsində seçicidir. O, seçici siyahısənda adını tapa bilməyib. Məntəqədə ona guya ad-familiyasının qarşısından imza atmasını təklif ediblər. Seçici görüb ki, Axundov Elmar Cavid oğlunun əvəzinə imza atıb.

“Axundov Elmarın əvəzində imza atdırdıqlarını fotoya aldım və bundan sonra əlavə siyahıda adımı qeyd etdilər. Mənə deyirlər ki, uşaqların üçün məktəbdə problem yaranmasını istəmirsənsə şikayət etməkdən əl çək. Polisə, dairə seçki komissiyasına müraciət etmişəm,” seçici Amerikanın Səsinə deyib.

Vətəndaş: Başqasının əvəzinə imza etdirdilər
please wait

No media source currently available

0:00 0:01:08 0:00

29 saylı Səbail seçki dairəsinin 5 saylı məntəqəsində vətəndaşların təkrar səs verməyə buraxıldığı bildirilir.

Bu barədə Turan agentliyinə həmin dairədən namizəd olan Elgiz Qəhrəman məlumat verib:

Məntəqədə vətəndaşın səs verib-verməməsini yoxlayan xanım mənzil kommunal istismar sahəsinin işçisidir. O özünün tanıyıb çağırdığı adamlardan bir neçəsini təkrar səs verməyə buraxır. Məni görüb tanıdı, məndən sonra gələnləri geri göndərdi."

29 saylı Səbail seçki dairəsinin sədri Cahangir Məmmədov isə Turan agentliyinə deyib ki, məsələ araşdırılıb.

31 saylı Suraxanı ikinci seçki dairəsinə aid olan bəzi seçki məntəqələrində vətəndaşların qrup şəkilində seçkilərə cəlb edilməsi hallarının müşahidə olunduğu bildirilir.

Bu barədə Turan agentliyinə seçki müşahidəçiləri məlumat verib.

Müşahidəçilərin sözlərinə görə, dairənin 12, 13 və 14-cü məntəqələrində digər rayonların vətəndaşları səs verməyə gəliblər.

"Saatlı, Sabirabad və digər rayon sakinləri səs verir. Karusel müşahidə olunur. Bu, məktəblərin direktorlarının göstərişi ilə edilir. Məktəb rəhbərliyi digər rayonlarda qeydiyyatda olan şagirdlərin valideynlərinə gəlib Suraxanıdan səs verməyi tapşırıb."

Deyilənlərə münasibət öyrənmək üçün 31 saylı Suraxanı ikinci seçki dairəsinin sədri İlham Bayramovla əlaqə saxlasaq da o danışmadı.

"Mən telefonla suallara cavab vermirəm," o bildirib.

Bu deyilənlərə hələlik, Mərkəzi Seçki Komissiyası və Təhsil Nazirliyindən də münasibət öyrənmək cəhdləri nəticə verməyib.

Amma Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib ki, müraciət daxil olarsa, dərhal "Seçki Məcəlləsi"nin tələbinə uyğun addımlar atılacaq.

XS
SM
MD
LG