Azərbaycanda koronoviruslu xəstə qeydə alınmayıb.
Bu barədə Amerikanın Səsinə Respublika Sanitariya-Karantin Mərkəzinin epidemiologiya şöbəsinin müdiri Yadulla Balışov bildirib.
Onun sözlərinə görə, ölkənin bütün quru, hava və dəniz sərhəd-keçid məntəqələrində Dövlət Gömrük Komitəsinin həkimləri tərəfindən tədbirlər həyata keçirilir.
“Hərarəti olan insanlar müəyyən edilərsə, bu barədə Sanitariya-Karantin Mərkəzi məlumatlandırılır. Əgər xəstələr olarsa tədbir görülıməsi üçün Sanitariya-Karantin Mərkəzinə telefonoqrama göndərilir. İndiyədək koronoviruslu xəstə ilə bağlı hər hansı məlumat daxil olmayıb,” o qeyd edib.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş dierktor müavini Afaq Əliyeva da Amerikanın Səsinə müsahibəsində bildirib ki, Azərbaycanda hələ koronovirusa yoluxma halı aşkar olunmayıb. “Ölkədə belə xəstələr yoxdur.”
Əliyeva xəstəliyin Çində aşkar olunduğunu, ağır gedişi və hərarətlə seçildiyini deyib.
“Virus qidadan və hava-damcı yolu ilə yayılır. Ən ağır nəticəsi pnevmaniyadır. Hərarəti olan, qripəbənzər xəstəliyə yoluxan şəxslər dərhal həkimə müraciət etməli, laborator müayinədən keçməlidir. Çünki ağırlaşma halları ölümlə nəticələnə bilər,” o qeyd edib.
Baş dierktor müavini Azərbaycanda xəstəliyə yoluxma riskinin çox olmadığını deyib.
“Çünki, Azərbaycana yəqin ki, xəstəliyə yoluxmuş insanlar gəlmir. Çünki xəstəliyə yoluxanların yola çıxma riski çox azdır. Xəstələr onun riskli dövründə yoluxdurucu olur. Yəqin ki, belə xəstələr Azərbaycana gəlmir. Çünki belə xəstələr yola çıxacaq halda olmurlar,” o qeyd edib.
Çində yeni tipli koronavirusa yoluxanların sayı üç yüzə çatıb. Virus sürətlə yayılmaqda davam edir.
Ümumdünya Səhiyyə Təşkilatı yanvarın 22-də koronavirusla bağlı Fövqəladə Hallar üzrə Komitənin toplantısını çağırıb. Məqsəd Ghebreyesus yeni koronavirus alovlanmasının ictimai səhiyyə sahəsində beynəlxalq əhəmiyyət kəsb edən fövqəladə vəziyyət yaradan bir hadisə olub-olmadığını müəyyənləşdirmək və onun idarə oluması ilə bağlı müvafiq tövsiyələrin hazırlanmasıdır.