Mayın 27-də Azərbaycanda 165 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 78 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Məlumatda deyilir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1949 və 1957-ci il təvəllüdlü iki nəfər vəfat edib.
Hazırkı dövrədək ölkədə 4 568 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 897 nəfər müalicə olunaraq sağalıb, 54 nəfər vəfat edib, 1 617 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Həmin şəxslərdən 49 nəfərin vəziyyəti ağır, 63 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 280 663 test aparılıb.
Statistik məlumatların təhlili göstərir ki, ölkədə karantin reimi yumşaldıldıqdan sonra koronavirusa yoluxma halı sürətlə artmaqdadır. Belə ki, gündəlik statistika üzrə 165 yeni yoluxma halı ən çox yoluxmadır. Bundan öncə ən çox yoluxanlar mayın 16-da olub, 158 nəfər.
Martın 14-dən Azərbaycanda bütün kütləvi tədbirlər ləğv edilib. Habelə, martın 3-dən orta və ali məktəblərdə dərslər dayandırılıb. Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib.
Aprelin 5-dən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.
Mayın 18-dən karantin rejimi yumşaldılıb. SMS icazə ilə insanların evdən çıxması, xüsusi vəsiqə və arayışlarla işə çıxma sistemi ləğv edilib. 65-dən yuxarı yaşı olan insanların evdən çıxmasına tətbiq edilən qadağa aradan qaldırılıb. Restoranlar, kafelər, ictimai iaşə obyektləri, parklar açılıb.
Bununla yanaşı, kütləvi tədbirlərin keçirilməsinə tətbiq edilən qadağalar qüvvədə qalacaq. 10 nəfərdən çox insanın bir yerə toplanması qadağandır.
Ölkəyə giriş-çıxışa tətbqi edilən qadağa mayın 31-dək qüvvədədir.
Bununla yanaşı, Azərbaycan hökuməti mayın 22-də sərhədlərin tədricən açılması və təyyarə uçuşlarının bərpası üçün proqram hazırladığını bəyan edib.