Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 980 yeni yoluxma faktı qeydə alınıb, 309 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın martın 16-na olan məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 241 651 koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 231 370 nəfər müalicə olunaraq sağalıb, 3 298 nəfər vəfat edib, aktiv xəstə sayı 6 983 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 453, ötən müddət ərzində isə ümumilikdə 2 726 470 test aparılıb.
Eyni zamanda Bakı Şəhəri üzrə Təhsil idarəsinin məlumatına görə paytaxtdakı 102 nömrəli tam orta məktəb və 246 nömrəli məktəb-liseyin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.
Məlumata görə, 102 nömrəli tam orta məktəbdə çalışan 6, 246 nömrəli məktəb-liseydə çalışan 7 müəllimin COVİD-19 infeksiyasına yoluxmaları təsdiq olunub.
Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında qeyd olunan məktəblərdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.
Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, iki mərhələdən ibarət olan vaksinasiya prosesinin birinci mərhələsi fevralın 1-də başa çatıb. Hazırda 50 yaşdan yuxarı şəxslər vaksinasiya olunur.
Operativ Qərargah bildirir ki, hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 457 mindən çox insan peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya respublikanın bütün rayonlarında davam etdirilir.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Həmin vaxtdan tətbiq edilən xüsusi karantin rejimi bu il aprelin 1-dək davam edəcək.
Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.