Oktyabrın 21-də Azərbaycanda koronavirus infeksiyasına 714 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu, ölkədə COVİD-19 aşkarlanandan sonra antirekorddur.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, son sutkada 7 nəfər COVID-19-dan vəfat edib.
Hazırkı dövrədək ölkədə 46 min 593 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 min 448 nəfər müalicə olunaraq sağalıb, 642 nəfər vəfat edib. Aktiv xəstə sayı 5 503 nəfərdir.
Ötən müddət ərzində 1 milyon 250 min 736 test aparılıb. Bugünkü test sayı isə 9 072-dir.
Azərbaycanda koronavirusa yoluxma halı oktyabrın 19-na nisbətdə iki dəfədən çox artıb. Oktyabrın 19-da 331 nəfər, oktyabrın 20-də 584 nəfər COVİD-19 infeksiyasına yoluxub.
Nazirlər Kabineti yoluxma hallarının artmasını nəzərə alaraq karantin rejimini sərtləşdirib. Belə ki, Bakı, Sumqayıt, Gəncə şəhərləri, Abşeron rayonu və bir sıra digər şəhər və rayonlarda həftə sonları ictimai nəqliyyatın hərəkəti qadağan edilib. Ölkə üzrə orta ümumtəhsil məktəblərində noyabrın 2-dək tətil elan edilib. Bakı metrosunun fəaliyyəti dayandırılıb. Son günlər bir sıra şəhər və kəndlərə giriş-çıxış qadağan edilib.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.
Həmin vaxtdan ölkədə karantin rejimi tətbiq edilib və noyabrın 2-dək davam edəcək.